Boşanma, ağıllı telefonlar və məhdudiyyətlər: BBC Talibanın Əfqanıstanı necə idarə etdiyinə şahid olub

    • Müəllif, Kawoon Khamoosh
    • Vəzifə, BBC
    • Məkan, Şibirqan, Kabil və Qəndəhar
  • Çap edildi
  • Oxuma vaxtı: 7 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Əfqanıstanın şimalındakı ofisində vali Abdullah Sərhədi əvvəlcə qolu sınmış bir uşağın müalicəsi üçün pul verir, yerli məscidə maddi yardım göstərir və ardından ofisdə təəccüblü bir hadisə baş verir.

Gənc bir qadın saqqalı ağarmış keçmiş Taliban komandirinə aylarla davam edən zorakılıq və döyülmələr səbəbindən ərindən boşanmaq istədiyini bildirir.

Gənc qadın "yox" cavabını qəbul etməməkdə qərarlıdır.

Qızların orta məktəbə getməsinin belə qadağan olduğu bir ölkədə 18 yaşlı gənc qadın üzü niqab və gün eynəyi ilə tamamilə örtülmüş halda sakit və əmin şəkildə özünü ifadə edir.

"Birlikdə yaşamaq şansımız olsaydı, burada olmazdım... Qərarımı vermişəm" deyir.

Vali boşanmaqdan əl çəkməsi üçün onu inandırmağa çalışdıqdan sonra qadınların "ağılsız" və "zəkadan məhrum" olduğunu söyləyir.

Onun bu sözlərinə ətrafındakı kişi məmurlar, mühafizəçilər və rəhbərlər gülüşlərlə qarşılıq verirlər.

Yaşanan bu an 2021-ci ildə ABŞ dəstəkli hökuməti devirmələrindən beş il sonra Taliban idarəçiliyindəki gündəlik həyatın reallıqlarına dair bir parça təqdim edir.

Keçən beş ildə qadınlar əksər peşələrdən məhrum edilib, universitetə getmələri, tək səyahət etmələri, hətta park və əyləncə mərkəzlərinə girişləri belə böyük ölçüdə məhdudlaşdırılıb.

BBC iki ildən çox davam edən danışıqlar nəticəsində ifrat islamçı hərəkatın öndə gələn simalarına az təsadüf olunan şəkildə çıxış əldə etdi; bir vaxtlar intihar hücumları planlaşdıran və ya illərini yeraltı sığınacaqlarda keçirən, indi isə idarəçilik strukturunda yer alan, əsgər olan Taliban üzvləri ilə vaxt keçirdi.

Taliban dəyişdiyini iddia edərək hakimiyyətə gəlsə də, tətbiq etdikləri siyasətlərin çoxu 1990-cı illərdə tətbiq etdiklərinə çox bənzər, şəriətin sərt təfsiridir.

Görüşdüyümüz Taliban üzvləri özlərini məqbul göstərməyə çalışsalar da, keçmişdəki zorakılıq hadisələrini müzakirə etməyə çox həvəsli deyildilər. Həmçinin onlarla keçirdiyimiz vaxt ərzində bu rəhbərlər və xalq arasında yaşanan bəzi narahatlıqların da şahidi olduq.

Vali Sərhədi Tubaya (həqiqi adı deyil) evliliyinə davam etməli olduğunu söyləyir.

Sərhədi: "Özünə bunu soruş: "Boşandıqdan sonra mənimlə kim evlənər?" Çox şeydə güzəştə getməlisən, yoxsa ləyaqətini və şərəfini itirərsən".

Tuba isə "Hörmətli vali, şərəf və ləyaqətim artıq zədələnib" deyə cavab verir.

Əri danışıq növbəsinin ona gəlməsini gözləyir.

Şəriət qanunlarına görə, ərindən boşanmağı qəbul etməsini istəyən bir qadın evlənərkən ərinin ona verdiyi başlıq pulunun bir hissəsini və ya hamısını geri qaytarmaq məcburiyyətində qala bilər.

Adətən, maddi razılıq əldə olunur, lakin bu qadının əri toyda verdiyi pulun dörd qatını istəyir. Tubanın ailəsi isə bu məbləği ödəməkdən imtina edir.

Vali qadına ona məxsus bir otaq verilməli olduğunu söyləyir. Həmçinin rəsmilərin onu qadını döyməməsi barədə xəbərdar edəcəyini, "əks halda həbs ediləcəyini" əlavə edir.

Valinin cavabından razı qalmayan Tubanın atası daha sonra BBC-yə bildirdi ki, Talibanın məhkəmə sistemində bir qadının ərinin razılığı olmadan boşanması çox çətin olmasına baxmayaraq, məhkəmə yolu ilə boşanma davası açacaqlar.

Sərhədi Talibanın 1990-cı illərdəki ilk iqtidar dövründə hərbi komandir idi.

2001-ci ilin sonlarında ABŞ başçılığındakı koalisiyanın Talibanı devirməsi ilə təslim olan minlərlə üsyançı arasında o da var idi.

Bir neçə il ABŞ-ın Kubsadakı Quantanamo körfəzində yerləşən təcridxanasında saxlandı, lakin sonra sərbəst buraxıldı.

Taliban hakimiyyəti yenidən ələ keçirdikdə Sərhədi vali oldu; əvvəl Bamiyan vilayətində, iyunun sonlarında onunla görüşdüyümüz zaman isə Cüzcan vilayətinin Şibirgan şəhərində fəaliyyət göstərirdi. Ən son olaraq isə şimaldakı Qunduz vilayətində hərbi birliyin komandir müavinliyinə gətirildi.

Sərhədi əlində tutduğu kiçik ekranlı köhnə tipli cib telefonunu göstərərək rəsmilər üçün gətirilən ağıllı telefon qadağasının işləri yavaşlatdığını deyir. "Əvvəlcədən sürətli bir mesaj göndərə bilirdiniz... Sənədləri göndərib sürətlə cavab ala bilirdiniz".

Lakin sonra dayanır. Qadağa haqqında daha çox danışsa "problem yarana biləcəyini" əlavə edir.

Digər məsələlərdə isə Sərhədiyin dünyagörüşü 25 il əvvəlki Taliban-la müqayisədə çox da dəyişmiş kimi görünmür.

Sərhədi o zamanlar Bamiyanda hərbi komandirlik edirdi və o dövrdə Talibanın buradakı qədim Budda heykəllərini havaya uçurtduğu görüntülər dünyanı şoka salmış və beynəlxalq qınaqlara səbəb olmuşdu.

Başlanğıcda arxeoloji sahə ilə bağlı suallarımızdan yayınmağa çalışsa da, sonunda belə deyir: "Onu öz əllərimlə məhv etdim".

"Etdiyimiz və etməkdə olduğumuz hər şey Allahın əmrlərinə və qanunlarına uyğundur... Bütləri satmaq əvəzinə sındırırıq. Niyə peşman olum ki? Bu, Allahın təqdiri idi".

Paytaxt Kabildə zorakılıq dolu keçmişini iqtidarda idarəçilik vəzifəsi ilə dəyişən digər yüksək səviyyəli Taliban fiquru ilə görüşürük.

Həbibullah Bədr bizi zirehli maşınla küçələrdə gəzdirir.

Daha əvvəl Kabildə "intiharçılarının əməliyyatlarından məsul" olduğunu söyləyir.

"Bütün yolları və küçələri çox yaxşı bilirəm... Kabil küçələrini və hər künc-bucağı bilirdik" deyir və əlavə edir: "Planlaşdırılması uzun vaxt alan bölgələr var idi".

Əfqanıstanda Talibanın intihar hücumlarında aralarında çox sayda mülki şəxsin də olduğu minlərlə insan həyatını itirib.

Bədr keçmişi haqqında danışmaq istəmir; bunun "insanları üzməsindən" və "yaraları deşməsindən" çəkinir.

Mülki ölümləri ilə bağlı sualımıza isə Talibanın ABŞ karvanlarını hədəf aldığını və mülki şəxslərə xarici bazalardan uzaq durmaları yönündə çağırış etdiklərini söyləyir.

Ona mülki yaşayış məntəqələrində baş verən bəzi hücumlarla bağlı sual verməyə çalışdıqda isə cavab verməkdən yayınır.

Bədr gördüyü bir müalicə səbəbindən rəsmi vəzifələrindən icazə alıb, lakin daha əvvəl ölkə daxilindəki bütün həbsxanaların müdir müavini olub. Əvvəlki hökumət dövründə ölüm cəzasına məhkum edildiyi həbsxana da idarə etdiyi həbsxanalardan biri idi.

Bədr bizi bir tayfa toplantısına dəvət edir. Burada bir xeyriyyə təşkilatının sədrinin ona medal verəcəyini söyləyir. Lakin hadisələr gözlənilməz şəkildə inkişaf edir.

Sultan Məhəmməd Təlai: "Hörmətli Bədr Əfqanıstanın qürurudur və böyük bir döyüşçüdür" deyir.

"Ancaq bir şikayətim də var. Məktəblər və təhsil hər kəsə açıq olsaydı, Əfqanıstan üçün böyük bir uğur olardı. Ümid edirəm, bu sözlərim sizi incitməz", - o əlavə edir.

Ardından salona narahatedici bir səssizlik çökür. Kütlə necə reaksiya verəcəyini bilmir. Təlaiin mikrofonu sürətlə önündən alınır.

Təlai daha sonra bizə bunları söylədi: "Qız məktəblərinin yenidən açılmasını istədim... Bilik əldə etmək İslamda həm kişilər, həm də qadınlar üçün bir vəzifədir".

"Demək istədiyim başqa şeylər də var idi, lakin daha çox danışmağıma icazə vermədilər".

Ölkədə səsini ucaldanlar, adətən, çox ağır nəticələrlə qarşılaşırlar.

Qadınlar bizə təhsil məhdudiyyətləri səbəbindən xəyallarının suya düşməsindən duyduqları dərin ümidsizliyi və etiraz aksiyalarında iştirak etdikləri üçün həbs olunan dostlarından danışıb dərdlərini bölüşürlər.

Görüşdüyümüz jurnalistlərin çoxu Talibanın "kəşfiyyat" təşkilatı tərəfindən çağırıldıqlarını və ya dindirildiklərini bildirirlər.

BBC dilə gətirilən bu narahatlıqların bəzilərini Taliban hökumətinin sözçüsü Zəbihullah Mücahidə ünvanlayıb.

Mücahid 2021-ci ildən bəri Taliban hökumətinin ictimaiyyətdəki üzüdür. Üsyançı olduqları illərdə istifadə etdiyi ləqəbini hələ də istifadə edir, lakin bizə əsl adının Tahir Şah Siddiqi olduğunu bildirir. Bunu ictimaiyyətə ilk dəfə açıqlayır.

Amerikalıların əvvəlki hökumət üçün tikdiyi dəbdəbəli mətbuat mərkəzindəki görüşümüzdə ona Talibanın ölkəyə nəzarəti ələ keçirməsindən iki gün sonra burada verdiyi ilk mətbuat konfransını xatırladırıq.

O konfransda Mücahid dünyaya Taliban hökumətinin qadınların "Taliban çərçivələri daxilində" işləməsinə və təhsil almasına icazə verəcəklərini və cəmiyyətdə "çox aktiv" olacaqlarını söyləmişdi.

Bəs niyə sözlərini tuta bilmədilər?

Mücahidin cavabı belədir: "Qadın hüquqlarına, ifadə azadlığına və digər məsələlərə şəriət çərçivəsində sadiqik. Hər şeyə şəriət perspektivindən baxmalıyıq".

Qadınların öz ofisi kimi yerlərdə işləməsinə icazə verməyin "əxlaqsızlığa yol açacağını" və "onların şərəfinin zədələnəcəyini" əlavə edir.

Qadınların təhsili məsələsinin "mübahisəli olduğunu... bunun üçün şəriət əsaslı bir həll yoluna ehtiyac duyulduğunu" söyləyir.

Talibanın mətbuat azadlığına yönəlmiş məhdudiyyətləri haqqındakı sualımıza isə: "Əfqanıstan kimi bir cəmiyyətdə bəzi qadağalarımız var. Medianın istədiyi təbliğatı aparmasına icazə verə bilmərik... İslam qanunlarına və ayinlərinə zidd yayımlar edə bilməzlər".

Taliban hökuməti Kabildədir, lakin Mücahid vaxtının böyük hissəsini Talibanın qəlbi hesab edilən və bəziləri tərəfindən "faktiki paytaxt" qəbul edilən cənubdakı Qəndəhar şəhərində keçirir.

Orada olan Talibanın ruhani lideri Molla Heybətullah Axundzadə ilə görüşmək istədiyimizi bildiririk. O, nadir hallarda ictimaiyyət qarşısına çıxır və daha əvvəl mediaya heç müsahibə verməyib. Lakin bizə hazırda bunun mümkün olmayacağını deyirlər.

İki il əvvəlki son səfərimdən bu yana Qəndəhardakı həyat daha da məhdudlaşıb. Artıq kişilərin saqqal saxlaması məcburidir.

Radio stansiyalarının musiqi çalması və ya qadın səslərini yayımlaması qadağandır və şəhərdə görüntü çəkməyimizə də icazə verilmir.

Avtomobillə iki saatlıq məsafədə, tozlu yollardan keçərək getdiyimiz bir yerdə isə qrupun ən sadiq keçmiş döyüşçülərindən bir neçəsi bizə üsyançıların köhnə gizli mağara şəbəkəsini göstərir.

Əvvəllər döyüşçü olan və indi Daxili İşlər Nazirliyinə bağlı təhlükəsizlik qüvvəsinin tərkibində nəzarət məntəqəsində xidmət edən Abid Lalai bizə atəş açdığı səngərləri və Quranını qoyduğu, AK-47 avtomatlarını asdığı yerləri göstərir.

Lalaiyə yoldaşlıq edən Abdul Samad isə bizə işarəsiz bir məzar yeri göstərərək atasının burada dəfn olunduğunu və Taliban sıralarında döyüşərkən həlak olduğunu söyləyir.

Bölgə ölkənin ən kasıb bölgələrindən biridir. BMT-yə görə burada dörd nəfərdən üçü əsas ehtiyaclarını qarşılayacaq imkanlara malik deyil. Samad yerli əhalinin təcili olaraq suya, yollara və klinikalara ehtiyacı olduğunu bildirir.

Samad "Əmirlik [Taliban] rəsmiləri bizi unutmayıb" deyir. Liderlərin başqa prioritetlərlə məşğul ola biləcəyini söyləyir və əlavə edir: "Ümid edirik ki, bir gün bizimlə maraqlanacaqlar."

Talibanın ikinci dəfə hakimiyyətə gəlməsindən beş il keçməsinə baxmayaraq, yoxsulluq, işsizlik və iqtisadi qeyri-sabitlik hələ də əsas narahatlıq mənbələri olaraq qalır.

Görüşdüyümüz Taliban rəsmiləri bu problemlərlə mübarizə aparmaq üçün çalışdıqlarını deyirlər, lakin söhbət etdiyimiz bəzi şəxslər qrupun ölkənin əsl probleminin məhz qrupun özü olduğuna inanırlar.

Hüda (həqiqi adı deyil) "Həyatdan anlamayan bir qrupun birdən-birə necə hakimiyyətə gəldiyinə inana bilmirəm" deyir. Hüda Taliban hakimiyyətə ilk qayıtdığı vaxt küçə etirazlarında iştirak etmiş qadınlardan biridir.

"Qadınlar bu vəziyyəti qəbul edə bilməzlər. Məhdudiyyətləri daha da artıra bilərlər, lakin bu vəziyyət əbədi olaraq belə qalmayacaq".

Hüda "Məncə, Taliban təhsilli qadınlardan qorxur" deyə əlavə edir. "Ona görə qadınları məhdudlaşdırırlar. Ağıllı kişilər yetişdirə bilməsinlər deyə savadsız qadınlar istəyirlər. Çünki bu, Talibanın sonunu gətirər".

Hafizullah Maroofun əlavə töhfələri ilə.