Siz bu veb saytın daha az data sərf edən mətn versiyasına baxırsınız. Bütün şəkil və videoları özündə əks etdirən əsas versiyaya baxın.
İki Azərbaycan: Elitanın prioritetləri və xalqın şikayətləri
- Müəllif, BBC News Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 10 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Prezident ailəsinin gəlini Alyona Əliyeva sentyabrın sonunda Vatikanda tədbirlərdə iştirak edərkən, ölkənin gündəminə qaynamağa hazırlaşan bir mövzu düşmüşdü.
Həmin günlərdə Azərbaycanda hökumət açıqlamışdı ki, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsi qadağandır.
Bu qaydalara sonradan xalq arasında "hicab qadağası" olaraq damğa vuruldu.
"Qızların məktəbə hicabla gəlməsinə icazə verilməlidirmi" mövzusu sosial mediada dominant idi və təkcə dini azadlıqlar yox, sosial problemlər barədə müzakirələri də alovlandırmışdı.
Mübahisə Azərbaycan Nazirlər Kabinetinin 2026-cı il 21 sentyabr tarixli qərarından sonra yeni hüquqi əsas qazanıb.
Qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsi qadağandır. Sənəddə hicab sözü birbaşa qeyd edilmir, lakin Təhsil TV-nin paylaşdığı sosial çarxda hicablı məktəblilərin də məktəbə uyğun formada olmadığı göstərilir.
Söhbət yalnız məktəbli forması və ya dini ifadə azadlığından getmir. Çoxları dövlət və cəmiyyət, hökumət və xalq arasında getdikcə artan "uçurumdan" bəhs etməyə başladı.
Hakimiyyətin "Azərbaycandan, xüsusən də xalqdan xəbəri yoxdur", - deyə BBC Azərbaycancanı sosial mediada izləyənlərdən biri yazır.
İki fərqli reallıq?
Sosial mediada ən çox səsləndirilən tənqidlərdən biri Azərbaycanın siyasi və iqtisadi elitasının həyat tərzi ilə sadə vətəndaşların hər gün üzləşdiyi çətinliklər arasındakı fərqlə bağlıdır.
Lüks səfərlər, nüfuzlu beynəlxalq tədbirlər və bahalı geyimlər başqa bir reallığı yada salır.
Məsələ zənginliyin özü deyil. Əliyevaların sosial media hesablarında çoxlu rəğbət və dəstək mesajları da var. Problem daha çox insanların belə bir qənaətə gəlməsidir ki, qərar verənlər ölkə əhalisinin böyük hissəsinin yaşadığı reallıqdan uzaqdır.
İnsanlar aşağı maaşlardan, bahalaşan həyatdan, işsizlikdən, mənzil və iqtisadi imkansızlıqdan, bölgələr arasındakı fərqdən, səhiyyə və təhsilə çıxışdan, gənclərin gələcək qurmaqda çətinliyindən danışır.
Rəqəmlər bu fərqi aydın göstərir. Minimum əməkhaqqı 400 manatdır və bu məbləğ 2025-ci il yanvarın 1-dən qüvvədədir.
Dövlət Statistika Komitəsinə görə, 2025-ci ilin yanvar-iyul aylarında orta aylıq əmək haqqı 1184,2 manat təşkil edib - bu, minimum maaşdan təxminən 3 dəfə yüksəkdir.
Azərbaycanda 2026-cı il üçün rəsmi minimum yaşayış səviyyəsi cəmi 300 manat müəyyən edilib. Yəni rəsmi olaraq "yoxsul sayılmamaq" üçün ayda 300 manatdan çox qazanmaq kifayətdir.
Həbsdə olan iqtisadçı Fərid Mehralızadənin fikrincə, Azərbaycanda yoxsulluq həddi qanunla qeyri-adekvat şəkildə aşağı müəyyən edildiyindən əhalinin əksəriyyəti bu kateqoriyaya düşmür və rəsmi 5,1 faizlik yoxsulluq rəqəmi reallığı əks etdirmir - o bu barədə məhkəmədə son sözündə deyib.
Elit xərclərlə sosial xərclər arasındakı fərq də böyükdür. 2024-cü ildə Bakıda keçirilən COP29 iqlim konfransına 1,2 milyard manata yaxın vəsait xərclənib - bu məbləğ həmin il ölkə üzrə ümumi sosial yardım büdcəsinə yaxın idi.
Formula 1 Azərbaycan Qran Prisinin illik təşkil xərci isə 55-60 milyon ABŞ dolları civarındadır.
Hakimiyyət tərəfdarları belə tədbirlərin ölkəyə turizm və beynəlxalq imicin yüksəldilməsi kimi faydaları olduğunu desə də, xalqın böyük hissəsi üçün onlar uzaqdan izlədikləri, yalnız yorucu tıxaclarla təsirləndikləri hadisələrdir.
Keçən ay Bakıda Formula 1 yarışları keçiriləndə sosial media narazı mesaj videoları ilə dolu idi. Yarışın keçirildiyi günlərdə şəhərin bəzi hissələrində hərəkət dayanmışdı, insanlar metroya və avtobuslara minə bilmirdi, uzun tıxaclar saatlarla çəkirdi və şəhərdə hərəkət etmək çətinləşmişdi.
Formula 1 də hökumətin ev sahibliyi etməyə qərar verdiyi və uzun illərdir Bakıda keçirilən beynəlxalq tədbirdir. Amma Bakı sakinləri üçün vəziyyət o qədər gərgin idi ki, onlar sosial mediada təəssüratlarını gündəlik həyatlarının çətinləşməsi olaraq paylaşırdırlar.
Sosial mediadakı rəylərdə belə fikirlər səslənirdi: beynəlxalq nüfuz gətirən layihələrə böyük diqqət ayrıldığı halda, insanların gündəlik problemləri ikinci plana keçir.
"Hansı inkişaf? Mən və mənim kimi bir çoxları illərdir kirayələrdə sürünür və bir tikə çörəyə görə sizin əlinizin altında 350-400 manata bir qarnı tox, bir qarnı ac yaşayırıq", - BBC Azərbaycancanın sosial media platformalarından birində yazılmış şərhlərdən biri belədir.
Rəsmi gündəm və ictimai gündəm
Və insanlar narazılıqlarını gedərək daha çox sosial mediada ifadə etməkdədirlər.
Çünki televiziya kanalları iqtidarın sərt nəzarətində olduğundan, belə müzakirələr efirdə nadir hallarda yer alır. Nəticədə rəsmi gündəmlə ictimai gündəm getdikcə daha çox ayrı məkanlarda formalaşır.
Bir tərəfdə dövlət mediasında beynəlxalq görüşlər, diplomatik uğurlar, infrastruktur layihələri və inkişaf göstəriciləri ön plana çıxır. Digər tərəfdə isə sosial mediada insanların gündəlik həyatına təsir edən problemlər müzakirə olunur: maaşlar, bahalaşma, mənzil problemi, səhiyyə, təhsil, işsizlik...
Bu fərqin bir göstəricisi də coğrafi reallıqdır: Rəsmi məlumata görə, Azərbaycan əhalisinin dörddə birindən çoxu - təxminən 2,6 milyon nəfər paytaxtda cəmləşib, halbuki ölkənin ümumi əhalisi 10,2 milyonu keçib.
ÜDM-in əsas hissəsi də Bakı və Abşeron iqtisadi rayonunun payına düşür. "Bölgələrdə iş yoxdu, əhali məcbur olub Bakıya köçür", - BBC Azərbaycanca izləyicisinin bu sözləri statistik reallığın birbaşa ifadəsidir.
Oktyabrın 12-si: məktəblərin qarşısında etirazlar
Hicablıların məktəblərə buraxılmamasına dair narazılıq oktyabrın 12-də yeni mərhələyə qədəm qoydu. Bakının bir sıra qəsəbələrindən yayılan videolarda məktəbin girişində toplaşan şagirdlər, onların arasında hicablı qızlar görünür.
Bakının Balaxanı qəsəbəsindəki 69 saylı məktəbin önündəki aksiyada "Hicab təhsilə əngəl deyil" şüarları səslənib, Masallının Mollaoba kənd məktəbində, Lənkəranın Şağlaser kəndində, Zaqatalanın Tala kəndində, Yevlax şəhərində də şagird etirazları qeydə alınıb.
Hakimiyyətin reaksiyası isə sərt oldu - oktyabrın 12-də Daxili İşlər Nazirliyi məktəbli geyimi qaydaları ilə bağlı hadisələr üzrə 37 nəfərin həbs edildiyini açıqladı. Nazirlik həmin şəxsləri Bakıda təhsil işçiləri ilə münaqişə yaratmaqda, təhsil müəssisələrinə zərər vurmaqda, nəqliyyatın və məktəblərin fəaliyyətinə mane olan hərəkətlərə cəhd etməkdə ittiham edir.
Rəsmi mövqe isə etirazların arxasında xarici təsirin olduğunu irəli sürür. Hökumətyönlü konkret.az-ın təhlili belə iddia edir: "Məktəbə hicabla bağlı tələb irəli sürmək üçün gələn valideynlər nə tez plakatlar hazırladı?! Belə materialların hazırlanması, eyni məzmunlu çağırışların səsləndirilməsi və hadisələrin müəyyən formada təqdim olunması nə tez baş verdi? Etirazlar təşkilatlanıb".
Hakimiyyət tərəfdarları məsələnin dini azadlıqların məhdudlaşdırılması kimi təqdim edilməsini qəbul etmirlər. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Nazirlər Kabinetinin qərarı hicaba deyil, məktəblərdə vahid geyim formasına aiddir və müzakirənin hicab qadağası kimi təqdim edilməsini manipulyasiya hesab edir.
Onun fikrincə, dini inancın ideoloji vasitəyə çevrilməsi və xaricdən gələn dini təsirlər dövlət üçün təhlükəsizlik məsələsidir. Fazil Mustafa məktəbdə vahid geyim tələbinin yalnız hicaba aid olmadığını deyir: "Bir qrup adam da mini ətəklə məktəbə gəlmək istəyər. Nazirlər Kabinetinin qərarı bunu da qəbuledilməz sayır". O, dövlətin mövqeyini belə izah edir: "Heç kimin inancına qarşı çıxılmasın, amma dövlətə aid sistem daxilində vətəndaşların bərabərliyinin qorunması təmin olunsun".
Tanınmış jurnalist, professor Qulu Məhərrəmli isə Musavat.com-a verdiyi açıqlamada bildirib ki, məktəb üçün vahid qaydalar mövcuddursa, bu qaydalara hər kəs əməl etməlidir.
"Keçmiş müsəlman sovet respublikaları ilə müqayisə aparsaq, onların heç birində orta məktəblərə dini baş örtüyü ilə getməyə icazə verilmir", - sayt ona istinadən yazıb.
Müxalifətin mövqeyi
Mühacirətdə olan jurnalist Rauf Mirqədirov deyir ki, dini etiqad və geyim kimi həssas məsələ ilə bağlı qərarlar ictimai müzakirə və izahat olmadan qəbul edilməməlidir. Onun fikrincə, məsələ cəmiyyətin böyük bir hissəsinin həyat tərzinə və vicdan azadlığına toxunursa, hakimiyyət əvvəlcə insanlarla məsləhətləşməli və qərarın səbəbini izah etməlidir.
"Bu, ictimai müzakirələrdən keçməlidir... siz bu və ya digər qərarı nə üçün qəbul etdiyinizi uzun ictimai müzakirələr vasitəsilə izah etməlisiniz".
Mirqədirov deyir ki, hakimiyyət cəmiyyətlə "dialoq rejiminə keçməlidir". Onun fikrincə, böhranların idarə olunması üçün cəmiyyətlə hakimiyyət arasında işləyən siyasi və ictimai mexanizmlər olmalıdır.
Ancaq Rauf Mirqədirov etirazları insanların hər qərarı səssiz qəbul etməyə hazır olmadığının göstəricisi kimi qiymətləndirir.
"Bu hadisə onun göstəricisi oldu ki, cəmiyyət hər şeyə dözməyə hazır deyil".
Ancaq hökumət hələ ki, belə bir dialoqa meyilli görünmür.
Müsavat Partiyasının başqanı İsa Qəmbərin sosial mediada paylaşdığı partiya mövqeyində bildirilir ki, gərginliyin səbəblərindən biri hakimiyyətin bu həssas mövzuda ictimai müzakirə təşkil etmədən qərar qəbul etməsidir. "Məsələ zorakı üsullarla yox, qarşılıqlı dialoq və konsensus yolu ilə həll olunmalıdır".
Müsavat həmçinin bildirir ki, "uşaqların hər hansı ad altında təhsildən yayındırılması yolverilməzdir", eyni zamanda dövlət dünyəvilik prinsiplərinə əməl etməklə hər kəsin öz inancını, həyat və geyim tərzini sərbəst seçmək hüququnu təmin etməlidir.
Partiyanın xarici təsirlə bağlı mövqeyi isə belədir: "Xarici təsirlərlə bağlı narahatlıqlar insan hüquqlarının məhdudlaşdırılması üçün bəhanəyə çevrilməməlidir". Müsavat hesab edir ki, dövlətin müdaxiləsi ehtimal olunan təhlükələrə yox, konkret qanun pozuntularına əsaslanmalı, zəruri və mütənasib olmalıdır.
Siyasi müxalifətə və hökuməti tənqid edən çevrələrə yaxın şəxslərin reaksiyalarında hicab məsələsi daha geniş hüquqi və siyasi kontekstdə təqdim olunur. Burada əsas müzakirə təkcə məktəbdə dini geyimlə bağlı deyil, təhsil hüququ, dünyəvilik prinsipinin necə tətbiq edilməsi və son illərdə ölkədə dünyəvi siyasi təşkilatlanmanın zəifləməsi ilə bağlıdır.
Jurnalist və siyasi fəal, AXCP sədrinin müavini Seymur Həzi hesab edir ki, məktəb yaşlı uşaqların hicaba görə təhsildən uzaqlaşdırılması problemin həlli deyil və əks nəticə verə bilər. Onun fikrincə, belə yanaşma uşaqları təhsildən uzaqlaşdırmaqla yanaşı, dini baxışların daha da radikallaşmasına və cəmiyyətin qütbləşməsinə səbəb ola bilər.
"Dövlət heç bir halda yetkinlik yaşına çatmayan vətəndaşını məktəbin qapısından qaytarmamalıdır".
Seymur Həzi qərarın bu şəkildə icrasının Konstitusiyada təsbit olunan icbari orta təhsil prinsipi ilə ziddiyyət təşkil etdiyini də bildirir. Onun fikrincə, dünyəvi dövlət dinə qarşı olan dövlət deyil, müxtəlif din və təriqətlərlə məsafəsini qanunla qoruyan, eyni zamanda etiqad azadlığını təmin edən dövlətdir.
Siyasi baxımdan isə Həzi hesab edir ki, sərt yanaşma fundamentalist qüvvələrin əlinə oynaya, indiyədək passiv olan dini qrupları fəallaşdıra və cəmiyyətdə qütbləşməni dərinləşdirə bilər.
AXCP sədri Əli Kərimli də daxil olmaqla, partiyanın 20-dən çox fəalı həbsdədir.
Human Rights Watch "Azərbaycan hakimiyyəti müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanma şəraitini getdikcə daha da ağırlaşdırıb" deyə bəyanat yayıb.
Müsavat Partiyasının tanınmış üzvü Tofiq Yaqublu da 2025-ci ildə Human Rights Watch-un "uydurma ittihamlar" adlandırdığı maddələrlə 9 il həbs cəzasına məhkum edilib. O, "dələduzluq" və "saxta sənəd hazırlama və istifadə etmə" maddələri ilə ittiham olunub.
Freedom House-un 2025-ci il hesabatına görə, Azərbaycan 100 baldan cəmi 7 bal toplayaraq "azad olmayan" ölkələr kateqoriyasında yer alıb və hazırda 300-dən çox siyasi məhbus saxlayır.
Transparency International-ın 2024-cü il Korrupsiya Qavrayışı İndeksində ölkə 180 dövlət arasında 154-cü sıradadır.
Azərbaycan hakimiyyəti belə hesabatları qəbul etmir və "qərəzli" adlandırır.
Hakimiyyət jurnalistlərin, ictimai-siyasi fəalların həbsini konkret cinayət əməllərinə yol verilməsi ilə izah edir və ölkədə siyasi və fikir azadlıqlarının qorunduğunu bildirir.
"Bizdə azad internet var və senzura mövcud deyil. Azərbaycan əhalisinin 80 faizindən çoxu internet istifadəçisidir, medianı məhdudlaşdırıb azad internetə malik olmaq mümkünsüzdür", - Prezident İlham Əliyev bir neçə il əvvəl İtaliya mediasına verdiyi müsahibəsində vurğulayıb.
Hökumət korrupsiya ilə də mübarizə apardığını bəyan edir.
Söhbət təkcə hicabdan getmir
Son günlər hicabla bağlı müzakirələr geniş diqqət cəlb etsə də, sosial mediada səsləndirilən narazılıqların böyük hissəsi dinlə bağlı deyil.
Müzakirələr tez-tez aşağı maaşlar, yaşayış xərcləri, bölgələr arasındakı fərqlər, sosial təminat, səhiyyə və təhsil xidmətlərinin keyfiyyəti, eləcə də gənclərin ölkədə gələcək qurmaq imkanları ətrafında aparılır.
Bu səbəbdən hicab məsələsini bir çoxları daha böyük narazılığın yalnız bir hissəsi kimi görür. Onların fikrincə, əsas problem dövlət siyasətinin adi insanların gündəlik qayğı və ehtiyaclarını kifayət qədər nəzərə almamasıdır.
İqtisadçı Rövşən Ağayev isə son hadisələri ölkədə siyasi təşkilatlanmanın zəifləməsi ilə əlaqələndirir. O yazır ki, təxminən 15 il əvvələ qədər Azərbaycanda ən mütəşəkkil icmalar siyasi təşkilatlanmış icmalar idi. Müxalifət partiyalarının rayon və kəndlərdə özəkləri fəaliyyət göstərir, xüsusilə seçki dövrlərində Müsavat və AXCP-nin bölgə ofislərində toplantılar və müzakirələr keçirilirdi. Azad media və vətəndaş cəmiyyətinin fəaliyyəti də bu təşkilatlanmanı gücləndirirdi.
Ağayev hesab edir ki, hakimiyyətin son 10-15 ildə bu institutlara vurduğu zərbələr nəticəsində dünyəvi siyasi təşkilatlanma böyük ölçüdə sıradan çıxıb.
"Son günlər müşahidə olunanlar göstərir ki, hazırda ən mütəşəkkil, həm də yeganə təşkilatlanmış qüvvə dini icmalardır".
Onun fikrincə, dünyəvilik və demokratiya uğrunda mübarizə aparan ictimai-siyasi qüvvələr həm hakimiyyətə, həm də ictimai rəyə təsir imkanları baxımından dini qruplar qarşısında mövqelərini itiriblər.
Hakimiyyət tərəfdarları isə fərqli mövqedədir. Onlar ölkənin son illərdə infrastruktur, iqtisadi inkişaf və beynəlxalq nüfuz sahəsində əldə etdiyi nailiyyətləri vurğulayır və tənqidlərə məhəl qoymurlar.
Azərbaycan Prezidenti İlham Əliyev YAP-ın qurultayında "Azərbaycan xalqının rifahı ildən-ilə yaxşılaşması üçün müntəzəm siyasət" aparıldığını bildirib.
"Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var", - cənab Əliyev vurğulayıb.
Prezident həm də bildirib ki, son illər infrastruktur layihələri ilə bağlı imzalanan beynəlxalq sazişlərin və görülən işlərin nəticəsində ölkəyə "əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq".
Narazılıq niyə siyasi dəyişiklik tələbinə çevrilmir?
Söz azadlığının məhdud olduğu bir ölkədə sosial media bir çox azərbaycanlı üçün fikirlərini, narazılıqlarını və gündəlik problemlərini ifadə edə bildiyi azsaylı platformalardan biri olaraq qalır.
Sərhədsiz Reportyorlar təşkilatının 2025-ci il Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 167-ci yerdədir - bu, ənənəvi medianın niyə sosial müzakirələrin əsas məkanı ola bilmədiyini göstərir.
Ancaq sosial mediada səslənən narazılıqlara baxmayaraq, bunların hakimiyyətə ümumi dəstəyin zəiflədiyini göstərib-göstərmədiyi aydın deyil.
2020-ci il müharibəsindən və Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra Prezident İlham Əliyevin siyasi mövqeyi xeyli güclənib.
Bir çox azərbaycanlı üçün bu, ölkənin müasir tarixində ən mühüm siyasi hadisələrdən biri hesab olunur.
Nəticədə hakimiyyət uzun illər görünməmiş səviyyədə siyasi legitimlik və ictimai dəstək əldə edib. "Nəyi necə və nə vaxt etmək lazımdır, mən bilirəm. Azərbaycan xalqı mənə inanır'' - deyə Prezident Əliyev çıxışlarından birində söyləyib.
Tənqidçilərin diqqət çəkdiyi başqa bir məqam budur: müxalifət liderlərinin böyük hissəsinin həbsdə olması cəmiyyətdə narazılığı siyasi müstəviyə çıxara biləcək təşkilati strukturu zəiflədib.
2024-cü il parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası 125 yerdən 68-ni qazanıb, qalan hissə əsasən hakimiyyət tərəfdarı müstəqillər arasında paylanıb. Hökumətin hər hansı siyasətini və qərarının tənqidi isə parlamentdə nadir eşidilər.
Hələlik bu narazılıqlar əsasən sosial şəbəkələrdə, şərhlərdə və gündəlik müzakirələrdə özünü göstərir. Lakin 12 oktyabr etirazları göstərdi ki, insanların özlərini eşidilməmiş hiss etməsi uzun müddət davam edərsə, bu, gələcəkdə daha ciddi sosial və siyasi suallar doğura bilər.
Mübahisə əslində konkret bir məsələ ilə məhdudlaşmır. Söhbət Azərbaycanın hansı istiqamətdə inkişaf etməli olduğuna dair fərqli baxışlardan gedir.
Bir tərəf üçün əsas prioritetlər beynəlxalq nüfuz, sabitlik, iri layihələr və dövlətin müəyyən etdiyi inkişaf xəttidir. Digər tərəf isə insanların gündəlik rifahına, maaşlara, sosial ədalətə və qərarların vətəndaşların ehtiyaclarını nə dərəcədə nəzərə aldığına daha çox diqqət ayrılmasını istəyir.
Vatikan şəkilləri və sosial mediadakı müzakirələr, həmçinin məktəb qapılarındakı aksiyalar ilk baxışda fərqli mövzular kimi görünə bilər. Amma hər üçü eyni suala gətirib çıxarır: hakimiyyətdə olanlarla adi vətəndaşlar arasında məsafə artırmı?
"Dünyəvilik və demokratiya uğrunda mübarizə aparan ictimai-siyasi qüvvələr əvvəlcə hakimiyyətə, sonra isə ictimai rəyə təsir baxımından dini qruplara məğlub oldular.
Bəhrəsini, barını kim yeyəcək, çox keçməz hər kəs görər və dadar", - iqtisadçı Rövşən Ağayev sosial media hesabında yazır.