Tələbələrin qələbəsi: Vuçiçi necə devirdilər və indi Serbiyanı kim idarə edəcək?

    • Müəllif, Paul Kirby
    • Vəzifə, BBC News
  • Çap edildi
  • Oxuma vaxtı: 4 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Tələbələrin hərəkatı Novi Sadda baş vermiş bir faicədən sonra küçələri blokadaya almaqla başlayan bir hərəkatdır və az qala hər gün etiraz aksiyaları keçirirdi və sonradan korrupsiyaya və hökumətin səhlənkarlığına qarşı ümummilli hərəkata çevrildi.

Tələbələr iki ildən də az müddətdə Aleksandar Vuçiçin 14 illik siyasi hakimiyyətini sarsıtmağa nail olublar.

Onun rəhbərlik etdiyi Serbiya Tərəqqi Partiyasına (SNS) dəstək getdikcə azalıb və nəticədə seçkilər Serbiyanın gələcəyi ilə bağlı referenduma çevrilərkən partiya uğursuzluğa düçar olub.

Belqraddan Novi Sada və Nişə qədər tərəfdarlar şəhər mərkəzlərində və ya Tələbə Siyahısı-nın qərargahı qarşısında toplaşarkən əhval-ruhiyyə coşqulu idi.

Tələbələr sosial şəbəkədə paylaşdıqları müraciətdə "Serbiya azaddır" deyə bəyan ediblər.

Bütün bunların arasında ən rəmzi hadisə Belqradın mərkəzində, Serbiya parlamentinin qarşısındakı Pionerlər parkında 18 ay əvvəl qurulmuş, Vuçiç tərəfdarı olan və "Çaciland" adlandırılan çadır düşərgəsinin dağıdılması oldu.

"Vuçiç gedir!" şüarları səsləndirilərkən metal hasarlar sökülürdü.

Tələbələr Serbiyanı necə dəyişib?

Hərəkat konkret bir lider ətrafında formalaşmayıb və siyasətdə təcrübələri də yoxdur, lakin buna baxmayaraq, "Tələbə Siyahısı – Tələbələr Qazanır" hərəkatı Serbiya cəmiyyətinin müxtəlif təbəqələrindəki hökumət əleyhdarı olan seçicilərin dəstəyini qazanıb.

Onlar parlamentdəki bütün 250 yer üzrə namizəd irəli sürüblər, lakin həmin namizədlər arasında bir nəfər də tələbə olmayıb.

Ötən həftə Belqrada doğru yürüş edən tələbələrə qoşularkən siyahının aparıcı namizədi və kardioloq İliya Srdanoviç tarixin yenidən yazıldığını deyib: "Bu enerjini dayandırmaq mümkün deyil".

O, BBC-yə bildirib: "Biz vətəndaşlarımıza əvvəlki rejimin onların əlindən aldığı sivil cəmiyyətin əsas dəyərlərini geri qaytarmağı təklif edirik".

Hər şey 2024-cü il noyabrın 1-də, Serbiyanın ikinci ən böyük şəhəri olan Novi Saddakı dəmiryolu vağzalının qarşısında beton örtüyün çökməsi və 16 nəfərin həlak olması ilə başladı.

Bu faciə geniş yayılmış korrupsiyanın simvolu kimi qiymətləndirildi.

Tənqidçilər vağzalın ölümcül nəticələr doğuran qüsurlu yenidənqurulmasını özünü bu layihə ilə sıx şəkildə əlaqələndirmiş prezidentlə bağlayırdılar.

Henri Cekson Cəmiyyətinin eksperti Helena İvanov deyir: "Tavan çökəndə, bu, səbir kasasını daşıran son damla oldu".

O bildirib ki, bu emosional hadisə qığılcım rolunu oynayıb, ölkə üzrə yürüşlər və tədbirlər kampaniyasına təkan verib və serblərin qəlbini və düşüncəsini müxalifətdəki heç bir partiyanın bacarmadığı şəkildə qazanıb.

Etirazlardan Vuçiçə qarşı birbaşa mübarizəyə qədər

Universitet kampuslarında və şəhər küçələrində ədalət tələbi ilə keçirilən həftəlik tələbə etirazları kimi başlayan bu hərəkat qısa müddətdə fermerləri, aktyorları və hakimləri də əhatə edən, Serbiya cəmiyyətinin daha geniş təbəqələrini bir araya gətirən ümummilli hərəkata çevrildi.

Vuçiçin SNS partiyası açıq şəkildə sarsılmışdı və 2025-ci ilin yanvarına qədər onun baş naziri "gərginliyi azaltmaq" üçün istefa vermişdi.

2025-ci ilin martında Belqrad Serbiya tarixinin ən böyük hökumət əleyhinə etirazına səhnə oldu və lidersiz tələbə hərəkatı gücləndikcə onlar tələbə məclisləri və ya plenumlar vasitəsilə təşkilatlanmağa başladılar.

Vuçiç ötən ay növbədənkənar seçkilər elan edən zaman onlar artıq hazır idilər. Helena İvanov izah edir: "Onlar bu emosional enerjini yaxşı təşkilatlanmış bir struktura çevirə bildilər və insanlara seçki məntəqələrində seçki prosesinin ədalətli keçirilməsini necə qorumalı olduqlarını öyrətdilər".

ABŞ-da mənzillənən Alman Marşall Fondunun Balkanlar proqramının rəhbəri Qordana Deliç bildirib ki, bazar günkü səsvermə əslində referendum idi: "Mesaj aydın idi: qanunun aliliyi, qanunla idarəetmə deyil".

Əvvəlcə Vuçiç etirazçıları "xoş niyyətli" adlandıraraq tərifləməyə çalışırdı, lakin seçkilər ərəfəsində onları Serbiyanı "çökdürməyə çalışmaqda" ittiham etdi.

O, hətta bazar günü axşam qələbəni qəbul etdikdən sonra da onların adı açıqlanmayan "Avropa ölkələri və Amerikanın dərin dövləti" tərəfindən dəstəkləndiyini əsassız şəkildə iddia etdi.

Serbiyanı indi kim idarə edəcək?

Bir məqam aydındır: hakimiyyətə tələbələrin özləri gəlməyəcəklər, çünki onlar seçkilərdə namizəd olmayıblar. Bu, düşünülmüş qərar idi, çünki seçicilər yəqin ki, həyat təcrübəsi az olan namizədlərdən ibarət siyahıya səs verməzdilər.

Siyahının ilk namizədi Novi Sad şəhərindən olan kardiologiya professoru İliya Srdanoviç olsa da, o, baş nazirliyə əsas namizəd kimi görünmür.

Potensial lider kimi önə çıxan namizədlərin sayı çox deyil.

Müstəqil sorğu təşkilatları CeSID və Ipsos-un proqnozuna görə, siyahıdan 140 nəfər parlamentə mandat qazanıb.

Onların arasında keçmiş basketbol ulduzu Dejan Bodiroqa (siyahıda 24-cü), tanınmış aktyor Tihomir Staniç (8-ci), opera müğənnisi Nikola Mikiç (46-cı), Serbiya Milli Bankının sabiq rəhbəri Dejan Şoşkiç (27-ci), eləcə də çoxlu sayda professor var.

Şoşkiçin adı baş nazir postu ilə bağlı hallandırılır.

O, iqtisadiyyatda həyata keçirəcəyi islahatlarla bağlı fikirlər səsləndirib və hökumətyönlü mediada geniş şəkildə tənqid olunub.

Onların proqramında nə var?

Seçilmiş deputatların qarşısında mahiyyət etibarilə bir manifest sayılan proqramı həyata keçirmək vəzifəsi dayanacaq.

Tələbələrin öz sözləri ilə desək, onlar institutlara daxil olub "öz işlərini məsuliyyətlə görəcək və orada nə üçün olduqlarını unutmayacaq" insanları axtarırdılar.

11 maddədən ibarət proqram çərçivəsində tələbə hərəkatı:

  • Korrupsiyaya görə məsuliyyət daşıyan şəxsləri həbs etmək üçün xüsusi polis bölməsi yaradaraq korrupsiyanın kökünü kəsmək;
  • Etirazçıların qarşısının alınması zamanı qaydaları pozmuş və ya mütəşəkkil cinayətkarlıqla əlaqəsi olan şəxsləri Daxili İşlər Nazirliyindən uzaqlaşdırmaq;
  • Serbiyanın qərəzli media mühitini islah etmək və ictimai yayımçını siyasi nəzarətdən azad etmək;
  • Dövlət müəssisələrinin rəhbər vəzifələrinə partiya tərəfdarlarının təyin edilməsinə son qoymaq istəyir.

Vuçiç və SNS partiyası korrupsiya ittihamlarını və mediaya təsir göstərməyə çalışdıqları iddialarını rədd edir.

Tələbələr olmadan bu, yenə də tələbə hərəkatı olacaqmı?

Namizəd siyahısında olmasalar da, Serbiya xalqına vədləri verən məhz tələbələr olub və onlar öz proqramlarını həyata keçirmək üçün təzyiqlə üzləşəcəklər.

Tələbələrin sözlərinə görə, onların hərəkatını təmsil etmək üçün seçdikləri sıravi Serbiya vətəndaşlarına "ötən bir il ərzində küçələrdə apardığımız mübarizənin bir hissəsini institutlara daşımaq vəzifəsi həvalə edilib".

Bazar günü axşam çıxışında Vuçiç partiya tərəfdarlarına bildirib ki, tələbələr Serbiyada iki ili məhv ediblər və fikirləşdiklərindən də "tez məğlub ediləcəklər".