"Preventiv tədbir". İlham Əliyev niyə repressiyaları sərtləşdirir

- Müəllif, Məhərrəm Zeynalov
- Vəzifə, BBC
- Çap edildi
- Oxuma vaxtı: 8 dəq
Hüquq müdafiəçilərinin siyahıları əsasında BBC-nin apardığı hesablamalara görə, son beş ildə Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin sayı üç dəfə, siyasi işlər üzrə orta həbs müddətləri isə iki dəfə artıb. Qarabağ müharibəsində qələbədən sonra Prezident İlham Əliyev xalq qəhrəmanı şöhrətinə bürünüb, ölkə daxilində rəqibi yoxdur və geosiyasi vəziyyət də onun xeyrinədir. Lakin bu, repressiyaların sərtləşməsinin səbəblərini tam izah etmir.
2024-cü il iyulun 19-u, cümə günü Şahin Əbilova Dövlət Təhlükəsizliyi Xidmətindən zəng ediblər: dəstəyin o biri ucundakı səs bildirib ki, bazar ertəsi onun oğlu İqbal bir neçə gün əvvəl ondan müsadirə olunmuş pasport və telefonunu götürmək üçün DTX-nin yerli şöbəsinə gəlməlidir.
Ailəlikcə yola düşüblər — ata, oğul və əmi. Həmin vaxt 34 yaşlı etnoqraf alim olan İqbal binaya daxil olub, bir neçə dəqiqə sonra isə darvazadan yüksək sürətlə cip çıxıb.
"Dərhal narahat olduq, – Şahin xatırlayır. – Soruşduq və bizə dedilər ki, İqbalı aparıblar. Bundan sonra bizim epopeyamız başladı".
Talışların müdafiəçisi
Etnik talış və Azərbaycan vətəndaşı olan İqbal Əbilov demək olar ki, bütün ömrü boyu Belarusda yaşayıb və orada Belarus Dövlət Universitetində dərs deyib.
Talış mədəniyyətinin tədqiqatçısı kimi o, ölkənin cənubunda, İran sərhədi yaxınlığında yaşayan etnik azlıq olan talışların dilinin Azərbaycanda assimilyasiyası haqqında tənqidi məqalələr yazırdı.
Hüquq müdafiəçiləri hesab edirlər ki, İqbal məhz bu problemlər haqqında yazdığına görə hakimiyyətin diqqətini çəkib.
Əbilovlar Azərbaycana tez-tez gəlirdilər – Şahinin sözlərinə görə, elə olurdu ki, oğlu ildə iki dəfə də gedirdi. 2024-cü ilin yayında, İqbalın əmisi oğlunun toyuna birlikdə gedəndə də heç bir təhlükə hiss etməmişdi.
Şahinin sözlərinə görə, günlərin birində Masallı şəhərindəki evlərinə "xüsusi xidmət əməkdaşları soxuldular". İqbal "söhbət" üçün onlarla birlikdə şöbəyə gedib, altı saatdan sonra onu sərbəst buraxıblar.
Lakin bir həftə sonra aeroportda sərhəd nəzarətindən keçərkən o, ölkəni tərk etməsinin qadağan olunduğunu öyrənib. Elə həmin vaxt onun pasportunu və telefonunu əlindən alıblar.
"Bizim üçün bu, şok idi, çünki bir həftə əvvəl əməkdaşlar ona qarşı heç bir iradın olmadığını demişdilər və İqbal da onlara qayıdış biletinin olduğunu demişdi", ata xatırlayır.
Ölkədən çıxışa qadağa Azərbaycanda siyasi fəallara, jurnalıstlərə və hakimiyyət tənqidçilərinə qarşı tətbiq olunan geniş yayılmış təcrübədir. Çox vaxt, Əbilovun vəziyyətində olduğu kimi, bundan qısa müddət sonra həbs gəlir.
Daha çox məhbus, daha uzun cəza müddətləri
İqbalı "dövlətə xəyanətdə, xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıqda" və "milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasında" ittiham ediblər.
Həbsindən bir neçə ay sonra İqbal "siyasi məhbus" kimi tanınıb.

Şəklin mənbəyi, SHAHIN ABILOV
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Siyasi məhbus sayılan şəxslərin siyahısı ildə bir neçə dəfə Azərbaycan Sülh və Demokratiya İnstitutu tərəfindən dərc olunur. BBC-nin hesablamalarına* əsasən, əvvəlki dörd ildə (2022–2025-ci illər) siyasi işlər üzrə hökmlərin orta müddəti dörddən altı ilə qədər olub. Bu il isə orta müddət təxminən 12 il təşkil edir.
Azərbaycan müstəqillik dövrü ərzində heç vaxt nümunəvi demokratiya reputasiyasına malik olmayıb: indiki prezidentin sələfi və atası 2003-cü ildə vəfat etmiş Heydər Əliyevin zamanında da ölkədə "siyasi məhbuslar" olub.
Lakin 2023-cü ildə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan otuz il Ermənistanın nəzarətində olmuş Dağlıq Qarabağı qəti olaraq geri qaytarmağa müvəffəq olduqdan sonra həbslərin sayı kəskin şəkildə artmağa başladı. Siyasi məhbus hesab edilənlərin sayı cəmi bir il ərzində – 2023-cü ilin fevralından dekabrınadək 93 nəfərdən 254 nəfərə yüksəldi.
2024-cü ilin iyunundan bəri bu rəqəm 300-dən aşağı düşməyib. Hazırda Sülh və Demokratiya İnstitutu 328 nəfəri bu kateqoriyaya aid edir.
2025-ci ildə Azərbaycan ölkədən BMT-nin bir neçə agentliyini, Qırmızı Xaç Komitəsinin ofisini və xarici KİV bürolarını, o cümlədən BBC-nin Azərbaycanca xidmətini çıxarıb. Bakı, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını tanımaqdan imtina etdiyini bəyan edib – Prezident bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səs hüququndan məhrum edilməsinə cavab olaraq izah edib.
Əliyevin sözlərinə görə, növbəti addım Azərbaycanın Avropa Şurasından tamamilə çıxması ola bilər. Hüquq müdafiəçiləri ehtiyat edirlər ki, Bakının insan hüquqları və milli azlıqların hüquqları ilə bağlı sazişlər imzaladığı bu təşkilatdan çıxması vəziyyəti daha da pisləşdirə bilər.
"Azərbaycan demokratiya və insan hüquqları sahəsində getdikcə Türkmənistan istiqamətinə irəliləyir və qapalı ölkəyə çevrilir", Sülh və Demokratiya İnstitutunun konfliktologiya və miqrasiya departamentinin rəhbəri Arif Yunusov deyir.
Onun sözlərinə görə, əslində ölkədə "siyasi məhbuslar"ın sayı İnstitutun siyahısında göstəriləndən qat-qat çoxdur. Sadəcə, onların bir çoxu öz işləri barədə danışmaq istəmir, üstəlik, xüsusilə regionlarla bağlı hallarda, onlar haqqında məlumat toplamaq 2023-cü ildən etibarən çox çətinləşib.
"Hər şeyi məxfi ediblər, formal olaraq saytda yerləşdirilməli olan məhkəmə mətnlərini əldə etmək mümkün deyil. Hakimlər haqqında məlumat toplamaq qeyri-mümkündür, onların saytını da əvvəlcə bağladılar, sonra isə ətraflı və lazımi məlumatlar olmadan yenidən açdılar. Buna görə də biz hökmləri böyük çətinliklə, vəkillər və qohumlar vasitəsilə əldə edirik. Onlar isə çox vaxt qorxurlar", Yunusov izah edir.
Hüquqşünas və siyasi mühacir Səməd Rəhimli də bunu təsdiqləyir və deyir ki, "siyasi məhbuslar"ın sayının artması ilə yanaşı, onlarla qəddar rəftar riski də artır:
"Azərbaycanda məhbuslarla və ya istintaq altında olanlarla pis rəftar əvvəllər də norma idi: ifadə və ya telefonun kilidini açmaq üçün şifrə tələb edərkən və ya (məhbus və ya istintaq altındakı şəxs – BBC) pis rəftardan şikayət edəndə işgəncə verirlər. Bu gün, bu qədər siyasi məhbusun olduğu və bu mövzuya beynəlxalq diqqətin yetərli olmadığı bir zamanda işgəncələr üçün şərait yaradılır və [hakimiyyət] bu imkandan istifadə edir".

Şəklin mənbəyi, ŞAHİN ƏBİLOV
Atası saxlanıldıqdan sonra İqbalın müxtəlif növ psixoloji təzyiqlərə məruz qaldığını deyir: "İlk günlərdə ona hətta çarpayıda oturmağa və uzanmağa icazə vermirdilər, bəzən isə betonda yatmalı olurdu – zəng etməyə və yaxınlarından ərzaq qəbul etməyə icazə verilmədən bir ay yarım təkadamlıq kamerada saxlanılıb".
Sözə görə - sanki xəyanət və qətl törətmiş kimi
Ötən illərdə, Sülh və Demokratiya İnstitutunun hesabatlarından göründüyü kimi, hakimiyyəti devirməyə cəhd və ya qətl ittihamları ilə bir qayda olaraq, 10 ildən artıq müddət verirdilər.
Belə ittihamlarla həbs olunanlar arasında, məsələn, dini təşkilatların üzvləri var - İnstitut ilahiyyatçılarla birlikdə onları "dindarlar" qrupuna daxil edir və bu qrupa daxil olanların sayı həmişə ən çox olur (2026-cı ilin mayına olan məlumata görə, 328 nəfərdən 182-si).
Son on ilin ən səs-küylü işlərindən biri 2018-ci ildə Gəncədə baş vermiş iğtişaşlarla bağlı proseslər olub. Hadisələr nəticəsində iki polis əməkdaşı həlak olmuşdu.
Hakimiyyətin zorla ələ keçirilməsinə cəhd və polisə qarşı zorakılıqda ittiham olunan sakinlər 20 ilə qədər həbs cəzası almışdılar. Hüquq müdafiəçiləri işgəncələrdən və etirafedici ifadələrin alınmasından danışırdılar.
Lakin son iki ildə İnstitutun hesabatlarına əsasən, zorakı olmayan cinayətlərdə ittiham olunanlara da daha tez-tez uzun müddətli cəzalar verilməyə başlayıb.
İqbalın tutulduğu həmin yay oxşar bioqrafiyaya malik başqa bir alim – Bəhruz Səmədov da saxlanıldı. O, Çexiyada yaşayıb dərs deyirdi və Azərbaycana yeganə yaxın qohumunu – nənəsini ziyarət etməyə gəlmişdi.
O da dövlətə xəyanətdə ittiham olunub və 15 il müddətinə məhkum edildi.

Şəklin mənbəyi, facebook.com/bahruz.samad
2025-ci ildə "Azadlıq Radiosu"nun Azərbaycan xidmətinin və Abzas Medianın jurnalistləri iqtisadi cinayətlərə görə 7,5 ildən 9 ilə qədər həbs cəzası aldılar – onlar işin siyasi olduğunu bildirirlər. Bu ilin iyulunda Toplum TV-nin araşdırmaçı jurnalistləri də təkzib etdikləri maliyyə cinayətlərində ittiham olunaraq 12 ildən 15 ilə qədər həbs cəzası aldılar.
İlham Əliyevin 23 illik hakimiyyəti dövründə jurnalistlərə heç vaxt belə cəza müddətləri verilməmişdi. İndi onlara əvvəllər qiyamda və ya xəyanətdə ittiham olunanlara verilən müddətlər verilir. Vətənə xəyanət 12 ildən ömürlük azadlıqdan məhrumetməyə qədər cəzanı nəzərdə tutur – "Tərtər işi" üzrə mühakimə olunmuş hərbçilər və Nardaran etirazlarının iştirakçıları məhz belə cəzalar almışdılar.
Əgər 2021-ci ilin iyununda həbsxanalarda hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi yeddi jurnalist və bloqçu var idisə, 2026-cı ilin mayında bu rəqəm 31, üstəgəl iki tədqiqatçı – Səmədov və Əbilov olub.
Keçən ilin mayında İqbal Əbilova 18 il verilib, bu, siyasi məhbus hesab edilən şəxs üçün son beş ildə verilmiş ən uzun cəza müddətidir.
Qapalı rejimdə keçirilən – hətta qohumların da buraxılmadığı məhkəmə prosesi etnoqrafı "antiazərbaycan şəbəkəsi" yaratmaqda ittiham edən iqtidaryönlü KİV-lərin ifşaedici məqalələri ilə müşayiət olunurdu. Məqalələrdə sübutlar əvəzinə onun "toksik və əsassız baxışlarından" və guya düşdüyü "Ermənistan xüsusi xidmət orqanlarının təsirindən" bəhs olunurdu. Hakimiyyətin digər tənqidçiləri ilə də oxşar hallar baş verirdi.
Prezident Əliyev ardıcıl olaraq siyasi motivli təqibləri təkzib edir, jurnalistlərə qarşı açılan işləri isə onların qanunsuz xarici maliyyə almaları ilə izah edir. 2025-ci ilin aprelində o, müstəqil mətbuatı və QHT-ləri dövlət çevrilişinə cəhd ilə əlaqələndirmiş, bir sıra qərb KİV-lərini antiazərbaycan kampaniyasında ittiham edib: onun sözlərinə görə, onlar yazırdılar ki, "Azərbaycanda diktaturadır, insan hüquqları kobud şəkildə pozulur, müxalifət mələk, hökumət isə şeytandır".
Bu, Əliyevə nə üçün lazımdır?
Azərbaycan siyasətini izləyən ekspertlərin İlham Əliyevin repressiyaları niyə gücləndirdiyi sualına ən çox verdikləri cavab belədir: "Çünki edə bilir".
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi – bir çox azərbaycanlı üçün simvolik əhəmiyyət kəsb edən bölgənin qaytarılması ilə başa çatan Bakının revanşı – bir dənə də olsun həyatda olan tanınmış generalı ortaya çıxarmadı, lakin prezidenti əsas qəhrəmana çevirdi. O, ictimaiyyət qarşısında xaki rəngli geyimdə görünməyə başladı, bəzən bütün ailəsi də xaki geyinirdi.
İqtidaryönlü KİV-lər ölkədəki problemləri nadir hallarda işıqlandıraraq bu imici populyarlaşdırdılar. Bu boşluğu isə regionun bərpası zamanı korrupsiya halları da daxil olmaqla araşdırmalar aparan müstəqil mətbuat doldururdu.
2023-cü ildə KİV nümayəndələrinin kütləvi həbslərinə başlanılan jurnalist Ülvi Həsənliyə polislər "Niyə Qarabağ haqqında yazmırsınız? Niyə korrupsiya haqqında yazırsınız?" – deyə sual verirdilər.
Neft-qaz gəlirlərinə baxmayaraq, regionun ən aşağı orta maaşı Azərbaycandadır və iqtisadiyyatı Qafqazdakı qonşuları – Ermənistan və Gürcüstandan daha yavaş böyüyür. 2026-cı ilin ilk beş ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədə, ümumiyyətlə, iqtisadi artım olmayıb.

Şəklin mənbəyi, president.az
"Dövlət sosial-iqtisadi vəziyyətin yaxşı olmadığını başa düşür və bu siyasəti (repressiyaları – red.) preventiv olaraq həyata keçirir. Ölkədə enerji bumu gözlənilmir və hakimiyyətin əhalini sosial ödənişlərlə ələ almaq imkanı yoxdur", hüquqşünas Səməd Rəhimli deyir.
Rusiyanın Ukraynaya müdaxiləsi Avropa İttifaqını Rusiya qazına alternativlər axtarmağa məcbur etdi: Aİ rəsmilərinin Bakıya səfərləri intensivləşdi, bu da onların "Əliyevin repressiyalarına göz yummaqda" ittiham edilmələrinə gətirdi.
"[Azərbaycan] dövləti başa düşdü ki, beynəlxalq situasiya siyasi məhbusların sayını artırmağa imkan verir. Bugünkü ABŞ insan hüquqlarında maraqlı deyil, Ukraynadakı, Yaxın Şərqdəki müharibə böhranı fonunda və Avropanın strateji mövqeyini itirdiyi bu vəziyyətdə avtoritar rejimlər nəzarətdən çıxmağa başlayıblar", Rəhimli hesab edir.
Talış məsələsi
Həbsdə ikən İqbal Əbilov üç iddia qaldırıb – hüquqlarının pozulması və ona qarşı zorakılıq edilməsi ilə bağlı istintaq təcridxanası əməkdaşlarına və polislərə qarşı, həmçinin haqqında yazan KİV-lərə qarşı. Onun bütün iddiaları rədd edilib. BBC Penitensiar Xidmətə və müvafiq KİV-lərə şərh üçün müraciət etsə də, hələ ki cavab almayıb.
Bu iddialar üzrə iclaslar açıq keçirilib və Əbilov onlara talış dilində şeir parçaları olan köynəklərdə gəlib.
Sosial şəbəkələrdə bir çox azərbaycanlılar onun həbsini dəstəkləyiblər: separatçılıq və azlıqlar mövzusu Azərbaycanda hələ 1990-cı illərdən bəri ağrılı mövzudur.
Birinci Qarabağ müharibəsinin sonlarında – 1993-cü ildə ölkənin cənubunda elan edilmiş Talış-Muğan Muxtariyyəti böyük siyasi böhranın bir hissəsi idi və cəmi iki ay, o da yalnız kağız üzərində mövcud oldu. Lakin o vaxtdan bəri Bakıda bir çox insanlar etnik talışlardan biri onların hüquqlarının pozulduğunu deyəndə hakimiyyəti dəstəkləyirlər.

Şəklin mənbəyi, UN IOM Belarus
İqbal Əbilov özünü təqsirli bilmir və həbsinin səbəbi kimi talışların və talış dilinin diskriminasiyasına qarşı mübarizə aparmasını göstərir.
"Bu problemi qaldıran hər kəsə "xain" damğası vura və 18 ilə qədər azadlıqdan məhrum edə bilərlər. Əgər qapalı məhkəmə iclas zalının qəfəsindən talış dilinin səslənməsi belə kimsəni qıcıqlandırır və ya narahat edirsə, deməli, bu, cəmiyyətimiz üçün özlüyündə təəssüf doğuran faktdır", İqbal həbsxanadan yazıb.
*Hesablamalar üçün Dünya Sülh və Demokratiya İnstitutunun 2021-ci ildən 2026-cı ilin mayınadək olan hesabatından istifadə etmişik, – onların indiyədək dərc olunmuş son hesabatına qədər olan sənədlərindən. Çox vaxt məhkumların hökmlərinə yenidən baxılıb, bu halda biz yalnız sonuncu hökmü nəzərə almışıq. Həmçinin il ərzində orta cəza müddətlərini hesablayarkən, artıq bu ilin iyulunda 15 ilə qədər həbs cəzası almış və İnstitutun "siyasi məhbuslar" siyahısında daxil olan, lakin məhkəmə qərarları hələ hesabatına daxil edilməmiş "Toplum TV" jurnalistlərinə qarşı çıxarılan qərarı da daxil etmişik.
























