Sonradan yaranan allergiyalar: səbəb nədir?

Şəklin mənbəyi, Getty Images
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Allergiya həyatın istənilən dövründə, hətta ahıl yaşda belə qəfil ortaya çıxa bilər.
Araşdırmalar göstərir ki, yeni allergiyaların yaranmasına gənə dişləmələrindən tutmuş hormonal dəyişikliklərə qədər müxtəlif, bəzən gözlənilməz amillər səbəb ola bilər.
Bəzi insanlar allergiyaya genetik meyillə doğulsalar da, ABŞ-ın Şimal-Qərb Universitetinin Qida Allergiyası və Astma Araşdırma Mərkəzinin direktoru Ruchi Gupta deyir ki, hər şeyi genetika ilə izah etmək mümkün deyil.
"Çox vaxt allergiyanın yaranmasını hansısa amil tətikləyir", - o bildirir.
Bu tətikləyicilərdən biri də Covid-19 ola bilər. Mütəxəssislərin sözlərinə görə, virus bəzi insanlarda immun sistemində sonradan allergiya şəklində özünü göstərə bilən dəyişikliklər yarada bilər.
2026-cı ildə dərc edilən bir araşdırma Covid-19-a yoluxmanın allergik rinit (saman qızdırması) və astma riskinin artması ilə əlaqəli olduğunu göstərib.
Araşdırmanın həmmüəllifi, İsveçdəki Karolinska İnstitutunun dermatoloqu Philip Curman deyir ki, Covid-19 zamanı immun sisteminin fəaliyyəti pozula və iltihab normadan artıq güclənə bilər.
Onun sözlərinə görə, infeksiyaya yoluxmaq riski artırsa da, peyvənd olunmaq bu riski azaldır.
Əvvəlki tədqiqatlar respirator sinsitial virus (RSV) və soyuqdəyməyə səbəb olan rinovirusun da, ən azı uşaqlarda, oxşar təsir göstərə biləcəyinə işarə edir.
Guptanın fikrincə, bəzi hallarda allergiyanın yaranması virus infeksiyasının yaratdığı "dolayı nəticə" ola bilər.
"İmmun sisteminiz virusla mübarizə apardığı dövrdə artıq gərgin vəziyyətdədirsə, qida və ya ətraf mühitdəki zərərsiz maddələri də təhlükə kimi qəbul edə bilər: "Bəs bu nədir? Ən yaxşısı hamısından qurtulaq".
İmmun sistemində "çaşqınlıq"
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Maraqlıdır ki, bəzi xəstəliklərin müalicəsində istifadə olunan üsullar da sonradan allergiya riskini artıra bilər.
Məsələn, antibiotik istifadəsi ilə sonradan yaranan allergiyalar arasında əlaqə müşahidə olunub.
Guptanın sözlərinə görə, bunun səbəbi antibiotiklərin bağırsaq mikrobiomunun, yəni həzm sistemində yaşayan faydalı mikroorqanizmlərin tarazlığını pozması ola bilər.
Bu tarazlıq pozulduqda immun sisteminin fəaliyyəti də dəyişə və orqanizm əslində zərərsiz olan maddələri təhlükə kimi qəbul edə bilər.
Washington Universitetində hamiləlik dövründə allergiyaların idarə olunması üzrə ixtisaslaşmış Colas bildirir ki, hamiləlik də immun sistemində ciddi dəyişikliklər yaradır.
Onun müşahidələrinə görə, əvvəldən ətraf mühit allergiyası olan qadınların təxminən üçdə birində hamiləlik dövründə əlamətlər ağırlaşır.
Bəzən isə əvvəllər heç bir allergiyası olmayan hamilə qadınlarda asqırma, burun tutulması və burun axması kimi əlamətlər yaranır.
Gənə dişləməsi və qırmızı ət allergiyası

Şəklin mənbəyi, Getty Images
Yeni allergiyaların yaranmasına səbəb ola bilən başqa bir amil də ABŞ-da geniş yayılan və iqlim dəyişiklikləri nəticəsində yeni ərazilərə doğru yayıldığı bildirilən "tək ulduzlu gənə"dir.
Bu gənənin dişləməsi bəzi insanlarda qırmızı ətə qarşı allergiya yarada bilir.
ABŞ-ın Virciniya Universitetinin professoru Thomas Platts-Mills 2007-ci ildə Londonda olarkən quzu əti yedikdən sonra gecə saatlarında qurdeşənək keçirdiyini xatırlayır.
Həmin dövrdə onun laboratoriyası bəzi insanların illərlə problem olmadan müxtəlif qidalar qəbul etdikdən sonra niyə qəfil qırmızı ət allergiyasının inkişaf etdiyini araşdırırdı.
Platts-Mills hesab edirdi ki, bu hallar gənə dişləmələri ilə bağlı ola bilər.
Sonradan məlum oldu ki, alim özü də bir neçə ay əvvəl təbiətdə olarkən çoxsaylı gənə dişləmələrinə məruz qalıb.
Qan analizləri onun orqanizmində allergiya ilə əlaqəli anticisimlərin yüksək olduğunu göstərdi. Quzu əti yedikdən sonra yaranan reaksiya da bu ehtimalı gücləndirdi.
Bu müşahidələr sonradan "alfa-qal sindromu" adlandırılan vəziyyətin müəyyənləşdirilməsinə kömək etdi.
Mütəxəssislərin izahına görə, bəzi gənələr tüpürcəklərində "alfa-qal" adlı şəkər molekulu daşıyır. Bu maddə əksər məməlilərdə təbii şəkildə mövcuddur.
İnsan gənə dişləməsi nəticəsində alfa-qalla qarşılaşdıqda, immun sistemi ona qarşı reaksiya formalaşdıra bilər.
Daha sonra qırmızı ət kimi alfa-qal ehtiva edən məhsullar qəbul edildikdə qurdeşənək, şişkinlik və həzm sistemi ilə bağlı narahatlıqlar yarana bilər.
ABŞ-da bu sindromun diaqnozu qoyulan insanların sayı son illərdə artıb. Rəsmi məlumatlara görə, təkcə 2017-2022-ci illərdə 90 mindən çox insana bu diaqnoz qoyulub.
Sonradan yaranan allergiyanı aradan qaldırmaq mümkündürmü?

Şəklin mənbəyi, Finn Gomez/The Boston Globe via Getty Images
Hamiləliklə bağlı yaranan burun problemləri adətən doğuşdan sonra keçsə də, sonradan allergiya inkişaf etdirən insanların çoxunda vəziyyət belə olmur.
İstər virus infeksiyasından, istər gənə dişləməsindən, istərsə də səbəbi bilinməyən hallarda yaransın, yeni allergiyalar uzunmüddətli ola bilər.
Polen, yerfındığı, ev tozu və ya heyvan tüklərinə qarşı allergiya arasında fərq olsa da, onların əsas mexanizmi eynidir.
Allergiya immun sisteminin əslində zərərsiz olan maddəni təhlükəli "işğalçı" kimi qəbul etməsi nəticəsində yaranır. Bu zaman orqanizm anticisimlər hazırlayır və həmin maddə ilə hər növbəti təmasda yenidən reaksiya verir.
Nəticədə burun axması, göz qaşınması kimi yüngül əlamətlər, yaxud ağır hallarda həyati təhlükə yaradan anafilaksiya baş verə bilər.
Gupta vəziyyəti belə izah edir:
"İmmun sisteminiz müəyyən bir maddəni təhlükə kimi tanıyır və ona qarşı anticisimlər yaradır. Sonra həmin maddə ilə hər qarşılaşmada ona hücum edir".
Mütəxəssislər hesab edir ki, bəzi hallarda allergiyanın yaranmasına səbəb olan prosesləri anlamaq gələcəkdə onun qarşısını almağa kömək edə bilər.
Məsələn, Gupta antibiotik qəbul edən insanların bağırsaq mikrobiomunun müxtəlifliyini qorumaq üçün probiotiklərdən, prebiotiklərdən, qatıqdan və fermentləşdirilmiş qidalardan istifadə edə biləcəyini deyir.
Philip Curman isə hesab edir ki, virus infeksiyası zamanı iltihabın nəzarətdən çıxmasının qarşısını almaq gələcəkdə allergiya və ya astma kimi problemlərin riskini azalda bilər.
Bunun mümkün olub-olmadığı hələ tam məlum deyil, lakin onun fikrincə, bu istiqamətdə daha çox araşdırmaya ehtiyac var.
Mütəxəssislər həmçinin immun sistemini tənzimləyən yeni dərmanlar üzərində çalışırlar.
Astmanın müalicəsində uzun illərdir istifadə edilən və son dövrlərdə qida allergiyalarının idarə edilməsində də effektiv olduğu göstərilən Xolair preparatı bu yanaşmalardan biridir. Dərman immun sisteminin həddindən artıq güclü reaksiyalarını zəiflətməyə çalışır.
Tədqiqatçılar eyni zamanda immun sistemini allergenlərə qarşı fərqli reaksiya verməyə "öyrətməyi" hədəfləyən peyvəndlər və digər eksperimental müalicə üsullarını da araşdırırlar.
Guptanın sözlərinə görə, hazırda yeni yaranmış allergiyanı tam şəkildə aradan qaldıran qəti müalicə yoxdur.
Amma o hesab edir ki, bu sahədə əldə olunan nailiyyətlər gələcək üçün ümid yaradır.
"20 ildir qida allergiyaları üzərində işləyirəm. Bu müddətdə gördüyümüz irəliləyişlər həqiqətən həyəcanvericidir", - o deyir.




























