İD tərəfindən girov götürülən Türkiyə vətəndaşları sərbəst buraxılıb

Şəklin mənbəyi, AP
Türkiyənin baş naziri iyun ayında İraqın Mosul şəhərində İslam Dövləti tərəfindən girov götürülən onlarla Türkiyə vətəndaşının sərbəst buraxıldığını deyib.
Hadisə ilə bağlı Azərbaycana səfərini yarıda kəsərək Türkiyə qayıdan Ahmet Davutoğlu 46 nəfərin Şanlıurfa şəhərinə gətirildiyini bildirib.
Baş nazir girov götürülənlərin şənbə günü buraxıldığını qeyd edib.
Mosul şəhərindəki Türkiyə konsulluğunda çalışan diplomat, onların ailələri və əsgərlərdən ibarət qrup İD döyüşçüləri tərəfindən iyun ayında girov götürülmüşdü.
Türkiyə girovluqda qalanların təhlükəsizliyini nəzərə alaraq İslam Dövlətinə qarşı hərbi kampaniyaya qatılmaqdan imtina edib.
"Allah sizi bir daha ailələrinizdən ayırmasın. Siz bizim qəhramanımızsınız", - Şanlıurfa Hava Limanında girov götürülənləri qarşılayarkən Ahmet Davutoğlu deyib.

Şəklin mənbəyi, AFP
İyun ayında Mosulda İslam Dövləti tərəfindən girov götürülən 32 türkiyəli sürücü bir ay keçmiş buraxılsa da onların azad olunması ilə bağlı təfərrüatlar açıqlanmamışdır.
İraq və Suriyada geniş ərazilər üzərində nəzarəti ələ keçirən İslam Dövlətinin 30 min döyüşçuyə malik olduğu güman edilir.
İraq hökuməti və kürd döyüşçülərini dəstəkləyən ABŞ avqust ayından başlayaraq cıhadçıların mövqelərinə 170-dən artıq hava zərbələri endirib.
























