Azərbaycanda Erdoğanın zəngini "gecikmiş" adlandırırlar

Şəklin mənbəyi, Azərbaycan DİN
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda hökumətin nəzarətində olan bəzi medialar Erdoğanın zəngini "gecikmiş" adlandırsa da alqışlayıb.
Lakin media onu da bildirir ki, son böhran göstərdi ki, təhdidlərə qarşı daha çevik əməkdaşlıq vacibdir.
Recep Tayyip Erdoğan çərşənbə günü İlham Əliyevə zəng edib.
Azərbaycan mediası prezidentlər arasındakı telefon danışığını iki ölkə arasındakı strateji tərəfdaşlığın və qarşılıqlı etimadın təsdiqi kimi qiymətləndirib.
Bu zəng Azərbaycan hökumətinin çərşənbə günü 31 Türkiyə vətəndaşını "arzuolunmaz şəxs" elan edərək, onlara Azərbaycana giriş qadağası qoyduqdan sonra gəlib.
Türkiyə tərəfinin yaydığı məlumata görə, Erdoğan telefon söhbətində Türkiyə ilə Azərbaycanın "qardaşlıq münasibətlərindən aldığı güclə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıracaqlarını" vurğulayıb. Erdoğanın Əliyevi oktyabrın 29-30-da Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə toplantısına da dəvət etdiyi bildirilir.
Liderlərin Türkiyədən olan 31 nəfərin "arzuolunmaz şəxs" elan olunmasına toxunub-toxunmadığı açıqlanmayıb.
Azərbaycan Xarici İşlər Nazirliyi bu gün bildirib ki, qərar verilərkən bu şəxslərin Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı çağırışlar, eləcə də dini radikalizmi, dini nifrət və düşmənçiliyi təşviq edən açıqlamalar yayması əsas gətirilib.
Media nümayəndəsi, siyasətçi, millət vəkili, jurnalist, bloger və ictimai xadim olan bu şəxslər arasında Fatih Erbakan, Ömər Faruk Gergerlioğlu, Yusuf Kaplan, Adem Özköse, Mehmet Boynukalın və Muhammed Emin Yıldırım kimi tanınmış simalar da var.
Qərara əsasən, "arzuolunmaz şəxs" elan olunmuş 31 nəfərin Azərbaycan ərazisinə girişinə qadağa qoyulub.
Bu addım son həftələrdə Türkiyə mediasında Azərbaycanın məktəbli forması qaydalarının sərt tətbiqi ilə bağlı üzləşdiyi tənqidlərin artdığı dövrdə baş verir. Müzakirələrin mərkəzində məktəblərdə hicab taxılması məsələsi dayanır.

Şəklin mənbəyi, Getty
Azərbaycana girişi qadağan olunan bəzi siyasətçilər qərarı "ibtidai" adlandırıb
"Arzuolunmaz" elan edilmiş media nümayəndəsi, siyasətçi, jurnalist, bloger və ictimai xadim olan bu şəxslər arasında Ömər Faruk Gergerlioğlu, Yusuf Kaplan, Adem Özköse, Mehmet Boynukalın və Muhammed Emin Yıldırım kimi tanınmış simalar da var və onlar son günlərdə Azərbaycanın məktəbli forması qaydalarının sərt tətbiqini tənqid ediblər.
Adı siyahıda olan Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan X hesabında siyahıya salınması ilə bağlı açıqlama verərək bildirib:
"Azərbaycanda tələbə və şagirdlərə tətbiq olunan başörtüyü qadağası ləğv olunsun, biz gələ bilməsək də olar".
O, həmçinin deyib:
"Sionist qatili Herzogu Bakıda qəbul etdikdən sonra artıq həqiqi dostlarınızı görməz oldunuz. Bu da sizə bəs edər!" ifadələrini işlədib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X

Şəklin mənbəyi, Gergerlioğlu/Yeni Rifah
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
DEM Partiyasının millət vəkili Ömər Faruk Gergerlioğlu da Azərbaycanın onu "arzuolunmaz şəxs" elan etməsini tənqid edərək, qərarı azadlıqları məhdudlaşdıran və "ibtidai qadağa" adlandırıb.
O, Türkiyədə vaxtilə tətbiq olunan başörtüsü qadağasının aradan qaldırıldığını xatırladaraq, Azərbaycanın bu məsələdə geriyə getdiyini iddia edib.
Gergerlioğlu bildirib ki, belə qadağalar və azadlıqların məhdudlaşdırılması qəbulolunmazdır və ona tətbiq edilən Azərbaycana giriş qadağasının mövqeyini dəyişməyəcəyini vurğulayıb.
Belə ki, oktyabrın 14-dən başlayaraq Azərbaycan məktəblərində hicablı müəllim və şagirdlər məktəblərə buraxılmır və onlardan məktəbə dünyəviliyi əks etdirən, rəsmi qurumlar tərəfindən müəyyənləşdirilmiş geyimdə gəlmək tələb olunur.
Azərbaycan hökuməti daha əvvəl də məktəblərdə hicab ətrafında yaranan mübahisələrdən sonra daha yeddi Türkiyə media mənsubuna cinayət işi açıb.
Baş Prokurorluğun məlumatına görə, axtarışa verilən şəxslər arasında Haksöz jurnalının nümayəndəsi Rıdvan Kaya, Köklü Dəyişim nəşrinin təmsilçisi Zəkəriyyə Cərən (Abdullah İmamoğlu) və Analiz Mərkəzi platformasının nümayəndəsi Fatih Tezcan da var.
Qurum bildirir ki, onlar sentyabrın 25-dən oktyabrın 18-dək sosial media platformalarında Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırışlar edib, həmçinin dini nifrət və ekstremizmi təşviq edən materiallar yayıblar. Bu şəxslər beynəlxalq axtarışa verilib. Bu şəxslərdən Azərbaycanın ittihamlarına cavab verən Fatih Tezcan Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, Türkiyədəki tənqidçilərə Azərbaycandakı tənqidçilərə davrandığı kimi davrana bilməyəcəyini söyləyib.
Bundan əvvəl də Azərbaycan oxşar ittihamlarla Türkiyənin Şanlıurfa Olay qəzetinin köşə yazarı Cəlal Çiftçiyə qarşı cinayət işi açmışdı. Jurnalist bir qədər sonra X sosial media hesabından "istifadə etdiyi ifadələrin məqsədini aşmasına görə" Azərbaycan dövləti və xalqından üzr istədiyini yazıb.

Şəklin mənbəyi, Youtube/Fatih Tezcan
Azərbaycan Mətbuat Şurası bəzi Türkiyə media orqanlarını ölkənin dünyəvi təhsil siyasətini təhrif etməkdə ittiham edib. Şuranın bəyanatında bildirilir ki, həmin KİV-lər məktəbli forması qaydalarını "hicab qadağası" kimi təqdim edərək "qərəzli və siyasi motivli" məlumatlar yayırlar.
Eyni zamanda, Azərbaycanda hakimiyyətə yaxın media qurumları Türkiyə hakimiyyətini Bakının axtarışa verdiyi şəxslərə qarşı hüquqi tədbir görməməsinə görə tənqid ediblər. Onların fikrincə, barələrində ittihamlar irəli sürülən şəxslər Türkiyə qanunvericiliyini də pozmuş ola bilərlər və bu məsələ Ankara tərəfindən araşdırılmalıdır.
Bu arada, Azərbaycanın bəzi dövlətyönlü media orqanları Türkiyə ilə əlaqəli təşkilatların ölkədəki fəaliyyətinə daha ciddi nəzarət edilməsinə çağıraraq, onların Azərbaycanın daxili proseslərinə təsir göstərməyə çalışdıqlarını iddia ediblər.
Azərbaycanda oktyabr ayının 12-dən başlayaraq məktəblərdə hicablı müəllim və şagirdlərin hicabla məktəbə daxil olmasına maneələr yaradılıb, onlardan məktəbə dünyəvilik prinsipləri əsasında məktəbli formasında və dini geyim aksesuarları olmadan gəlmək tələb olunub.
Bundan sonra məktəbə buraxılmayan bəzi məktəblilər məktəblərin həyətində, pilləkənlərdə oturaraq dərsləri davam etdirməyə çalışıb. Bəzi müəllimlər hicabını açarkən, bəziləri isə ərizə yazaraq, "öz istəyi ilə" işdən çıxdıqlarını açıqlayıblar.
Azərbaycan Elm və Təhsil Nazirliyi hələ də Elm və Təhsil Nazirliyi isə hələ də qaydaların hicablı müəllim və məktəblilərə necə tətbiq olunmalı olduğuna dair bütün məktəblər üçün vahid və aydın yazılı izahat verməyib.

Şəklin mənbəyi, Sosial media



























