Türkiyə-Azərbaycan çəkişməsində Əliyev obrazı: "Atatürkün siyasi varisi"

Şəklin mənbəyi, Əziz Kərimov/Getty
- Müəllif, Könül Xəlilova
- Vəzifə, BBC Azərbaycanca
- Çap edildi
- Oxuma vaxtı: 7 dəq
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Azərbaycanda məktəbli qızların hicabına qoyulan məhdudiyyət kimi başlayan mübahisə artıq məktəb qapılarından çıxıb. İndi söhbət təkcə geyim qaydasından deyil, Türkiyənin Azərbaycanda nə qədər söz sahibi ola biləcəyindən və İlham Əliyevin Ankara qarşısında hansı siyasi obrazla dayandığından gedir.
Bakının cavabı sərtdir: Azərbaycan dünyəvi dövlətdir və daxili qaydalarını özü müəyyənləşdirir.
"Anlayın ki, nə siz böyük qardaşsınız nə biz kiçik!", -Azərbaycan hökumətini dəstəkləyən və onun narrativlərini səsləndirən jurnalist Mirşahin sosial mediada belə yazıb.
Türkiyədəki tənqidçilər isə məsələyə əsasən dini azadlıqlar, yəni məktəblərdə hicab azadlığı prizmasından baxırlar. Erdoğan hakimiyyətini dəstəkləyən türk bloqçu və siyasətçilər Azərbaycan hökumətinin qərarını pisləyir və birbaşa Prezident Əliyevi hədəfləyən ağır bir dildə hədə yağdırırlar. Belələrinin də daxil olduğu 31 nəfəri Azərbaycan hökuməti qara siyahıya salıb, 7 nəfəri isə beynəlxalq axtarışa verib.
Bu çəkişmə əsnasında Azərbaycanda İlham Əliyevin yeni siyasi obrazı qurulur. Azərbaycanın hökumətyönlü mediasında o, artıq yalnız Türkiyənin yaxın müttəfiqi kimi deyil, lazım gəldikdə Ankaraya sərhəd göstərən, dünyəvilik və suverenlik iddiasını önə çıxaran lider kimi təqdim olunur.
Bəzi siyasi şərhçilər daha da irəli gedərək Əliyevin dünyəvilik mövqeyi ilə Mustafa Kamal Atatürkün dövlət modeli arasında paralel aparırlar. Hökumətyönlü millət vəkili Zahid Oruc Əliyevi təkcə Heydər Əliyevin deyil, "Mustafa Kamal Atatürkün də siyasi varisi" adlandırıb.
Bu, Azərbaycan dövlətinin rəsmi mövqeyi deyil. Ancaq belə bir müqayisənin məhz Türkiyə ilə dünyəvilik çəkişməsi zamanı ortaya çıxması təsadüfi görünmür.
"Dünya iyirmi üç ildir bilir ki, İlham Əliyev sekulyardır. Yeri gəlmişkən, Qərb onu həm də buna görə dəstəkləyib. Azərbaycandakı radikal dini qruplara qarşı dura bilən siyasətçi kimi. Ona görə də bu açıqlamalar, sərt fikirlər, İlham Əliyevin Atatürk ilə müqayisəsi sadəcə kim kimi döyər taktikasıdır", bunu isə siyasi təhlilçi Alya Yaqublu deyir.
İlham Əliyevin özünün "Atatürkün varisi olmaq" iddiası varmı, o da məlum deyil, amma özü hər zaman deyir ki, onun özünün doğru bildiyi yolu var:
"Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu yol inkişaf yoludur, tərəqqi yoludur və bu yolda böyük nailiyyətlərə imza atmışıq.", - deyə cənab Əliyev çıxışlarının birində bildirib.
Hicabdan öncə başlayan çəkişmə

Şəklin mənbəyi, Getty
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
Mübahisənin başlanğıcında İsrailin Baş Naziri Binyamin Netanyahunun BMT-də çıxışı zamanı Türkiyə diplomatları zalı tərk etdiyi halda, Azərbaycan nümayəndəsinin zalda qalması durur.
Elə həmin toplantı zamanı Recep Tayyip Erdoğan məktəblərdə qızlara baş örtüyü geyməyə qadağa qoyanları da yamanlamışdı.
Bu, Azərbaycanın məktəblərdə yeni geyim qaydaları barədə qərarından bir gün sonra edilən bir çıxış idi.
Yeni qaydalarda müəyyən edilmiş məktəb formasına əməl olunması və təhsilin dünyəvi xarakteri vurğulanır.
Hüquqi mətndə "hicab" və ya "başörtüyü" sözü açıq şəkildə yazılmayıb. Buna baxmayaraq, bəzi məktəblərdə qaydaların hicablı şagird və müəllimlərə qarşı tətbiq olunduğuna dair xəbərlər məsələni Türkiyədə "hicab qadağası" mübahisəsinə çevirib.
Burada əsas ziddiyyət də ortaya çıxır: Bakı bunun konkret olaraq hicab qadağası olmadığını deyir, Türkiyədəki tənqidçilər isə qərarın məktəblərdə necə tətbiq edildiyinə baxırlar.
Başqa sözlə, mübahisə qanunun mətnindən çox, onun məktəb qapısında necə izah olunması üzərində gedir. Hökumətə yaxın millət vəkili Zahid Oruc BBC Azərbaycancaya müsahibəsində etiraf edib ki, Təhsil Nazirliyi məktəblilərə və şagirdlərə qaydaları daha yaxşı izah etməli idi.
BBC Azərbaycancaya danışan və adının çəkilməsini istəməyən ailələr deyir ki, qızları məktəb qapısınadək hicabla gedir, orada başını açıb məktəbə daxil olur və dərsdən çıxandan sonra yenidən örtür. Bəzi hicablı müəllimlər də eyni şəkildə davranır, digərləri isə istefa verdiyini deyir.
Etirazlar və məktəblər önündə toplaşıb, dərslərini pilləkənlərdə oxuyan şagirdləri göstərən yeni videolar bu həftə hələ ki, ortaya çıxmayıb. Onlarla insanın etirazlara görə həbs olunmasına və etirazlarda iştirak edənlərin polisə çağrılmasına dair məlumatlar var.
Azərbaycanda hakimiyyət bu məsələni öz üslubuna uyğun şəkildə yoluna qoyarkən Türkiyədə müzakirələr səngimir.
Azərbaycanda adı qara siyahıya salınıb, Azərbaycana giriş qadağası qoyulanlardan biri Yenidən Rifah Partiyasının sədri Fatih Erbakan sosial media hesabında belə yazıb:
"Hörmətli İlham Əliyev! Azərbaycanda şagirdlərə aid baş örtüyü qadağasını qaldırsan, bəsdir, biz gələ bilməsək də olar".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Türkiyədə etiraz ideoloji sərhədləri aşır

Şəklin mənbəyi, Sosial media
Türkiyə Prezidenti Recep Tayyip Erdoğana yaxın bəzi siyasi şəxslər Azərbaycandakı tətbiqi açıq tənqid ediblər. Bu reaksiyalar Bakıda dini azadlığa dair narahatlıqdan çox, Azərbaycanın daxili işlərinə müdaxilə kimi qarşılanıb.
Azərbaycandakı tətbiqə etiraz yalnız Recep Tayyip Erdoğana yaxın dini-mühafizəkar dairələrdən gəlməyib.
CHP lideri, artıq iqtidara yaxınlığı ilə tanınan Kemal Kılıçdaroğlu da Azərbaycanı tənqid edib. O, Türkiyənin keçmişdə hicab qadağaları ilə bağlı "ağır sınaqdan" keçdiyini bildirib, öz partiyasının da bu prosesdə məsuliyyəti olduğunu etiraf edib və qadınların geyim seçiminə müdaxilə olunmamasına çağırıb.
Hazırkı Yeni Parti lideri Özgür Özelin isə bu konkret məsələ barədə açıq mövqeyini təsdiqləyən etibarlı məlumata rast gəlinmir.
Kemal Kılıçdaroğlunun çıxışı mübahisənin Türkiyədəki ən maraqlı tərəflərindən birini göstərir: Azərbaycandakı tətbiqə etiraz həm hakimiyyətə yaxın dini-mühafizəkar çevrələrdən, həm də dünyəvi müxalifət ənənəsindən gələn siyasətçidən gəlir. Siyasi düşərgələr fərqli olsa da, onların bir hissəsi Azərbaycandakı tətbiqin dini azadlıq və təhsil hüququ baxımından problemli olduğunu düşünür. Və əlbəttə ki, bu qaydaları dəstəkləyənlər Türkiyədə də az deyil.
Bakının cavabı: bu, sizin qərar verəcəyiniz məsələ deyil
Bakının cavabında isə iki söz ön plana çıxır: dünyəvilik və suverenlik.
Azərbaycan hakimiyyəti məsələni dinə qarşı siyasət kimi təqdim etmir. Rəsmi və hökumətyönlü açıqlamalarda söhbətin dövlətin dünyəvi xarakterindən, vahid məktəb qaydalarından və ölkənin öz qərarlarını müstəqil vermək hüququndan getdiyi bildirilir.
AzTV-nin mövzu ilə bağlı materiallarında da əsas mesaj bu olub: Azərbaycan Konstitusiyası, dövlətçilik ənənələri və müstəqil qərarvermə mexanizmləri olan suveren dövlətdir. Türkiyədə yüksək siyasi vəzifə tutmaq Azərbaycana necə davranmalı olduğunu diktə etmək haqqı vermir.
Bu, sadəcə hicab məsələsinə cavab deyil. Bu, Ankara ilə münasibətlərin sərhədlərinə dair siyasi bəyanatdır.
AzTV və digər hökumətyönlü TV və onlayn medialar vasitəsilə Bakının vermək istədiyi mesajın bu olduğu hiss edilir: qardaşlıq müdaxilə hüququ yaratmır.
Məhz burada İlham Əliyevin ritorikası ayrıca məna qazanır. Xaricdən Azərbaycanın həyat tərzinə müdaxilə edilməməsi barədə sərt ifadələr Əliyevi Türkiyə ilə yaxınlığı qoruyan, amma Ankaranın təsir dairəsində görünməyi qəbul etməyən lider kimi təqdim edir.
Atatürk müqayisəsi niyə indi ortaya çıxır?
Bu çəkişmənin ən maraqlı siyasi nəticələrindən biri Mustafa Kamal Atatürkün adının müzakirəyə daxil olmasıdır.
Azərbaycanda Atatürkə ehtiram yeni deyil. Amma indiki mübahisə fonunda bəzi siyasi şərhçilər bu tarixi yaxınlığı Əliyevin siyasi obrazına bağlamağa başlayıblar.
Deputat Zahid Oruc Əliyevi "Mustafa Kamal Atatürkün də siyasi varisi" adlandırıb. O, Azərbaycanın 1918-ci ildə dünyəvi respublika qurmasını və Atatürkün sonradan Türkiyədə dünyəvi dövlət modeli yaratmasını ortaq tarixi-siyasi xətt kimi təqdim edir. Artıq bu müqayisə bəzi bloqçuların da dilinə düşüb.
Bu müqayisənin siyasi mənası var - Türkiyədə Rəcəb Tayyib Erdoğana yaxın şəxslər Bakını hicab məsələsinə görə tənqid etdiyi vaxt Azərbaycanda Əliyevi Atatürkün dünyəvi dövlətçilik xətti ilə bağlayan yeni bir təsvir ortaya çıxır.
Beləliklə, iki fərqli Türkiyə obrazı qarşı-qarşıya qoyulur: bir tərəfdə Erdoğan dövrünün dini-mühafizəkar Türkiyəsi, digər tərəfdə Atatürkün dünyəvi respublika modeli.
Əliyev isə bu təqdimatda Atatürkün qurduğu dünyəvi dövlət ənənəsinə daha yaxın lider kimi göstərilir. Ancaq Azərbaycan hakimiyyəti Əliyevi rəsmi şəkildə Atatürkün siyasi davamçısı elan etməyib. Hələlik bu, ayrı-ayrı siyasi şərhçilərin qurduğu müqayisədir.
Siyasi təhlilçi Alya Yaqublu isə hesab edir ki, İlham Əliyevi Atatürkün siyasi irsinin davamçısı adlandırmaq yanlışdır.
"Çünki söhbət sekulyarlıqdan və demokratik dövlət quruculuğundan gedirsə, Azərbaycanda bu proses Türkiyədəkindən əvvəl başlayıb - bir neçə il əvvəl. Bu baxımdan İlham Əliyev Rəsulzadənin siyasi irsinin davamçısıdır. Atatürkün yox.", - o vurğulayır.
Bununla belə, belə bir müqayisənin indi meydana çıxması Əliyevin siyasi obrazının hansı istiqamətdə qurulmaq istəndiyini göstərə bilər.

Şəklin mənbəyi, president.az
Erdoğanın nüfuz dairəsindən çıxan Əliyev?
Bütün bunların arxasında daha böyük sual dayanır: Bakı ilə Ankara arasındakı son çəkişmə İlham Əliyevin Recep Tayyip Erdoğanla münasibətlərdə yeni sərhədlər müəyyənləşdirmək cəhdidirmi? Rusiya Prezidenti Vladimir Putinlə bağlı o bunu artıq bacarıb - Putin Əliyevin tələb etdiyi kimi, təyyarə qəzasına görə Rusiyanın səhvini etiraf edib, üzr istəyib və qurbanların ailələrinə kompensasiya ödəməyə söz verib.
2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Türkiyə Azərbaycanın ən mühüm siyasi və hərbi tərəfdaşlarından biri olaraq qalır. Buna görə bir hicab mübahisəsindən iki ölkənin strateji ittifaqının dağıldığı nəticəsini çıxarmaq tezdir.
Erdoğan artıq Əliyevə zəng edib – vəziyyətin gərginləşməyə başlamasından bir neçə gün sonra da olsa. Hökumətyönlü APA agentliyi xeyli müsbət məqamları da sadaladığı təhlilində belə yazıb: "Təəssüf ki, bu telefon danışığı Türkiyədə Azərbaycana qarşı aparılan çirkin informasiya kampaniyasının artıq müəyyən müddət davam etməsindən sonra baş tutdu".
Ancaq münasibətlərdə güc və təsir məsələsinin yenidən müəyyənləşdirildiyi görünür.
İkinci Qarabağ müharibəsindən sonrakı Əliyev obrazı əvvəlkindən fərqlidir. Bu obraz özünü yalnız Türkiyənin dəstəyinə ehtiyacı olan lider kimi deyil, müharibədən qalib çıxmış, regional iddiaları olan və daxili siyasətinə kənardan müdaxiləni qəbul etməyən dövlət başçısı kimi təqdim edir.
Bu baxımdan, indiki çəkişmə Türkiyədən uzaqlaşmaqdan çox, münasibətlər daxilində sərhədlərin yenidən çəkilməsi cəhdi kimi görünür.
Bakı Türkiyə ilə strateji yaxınlığı qorumaq istəyir. Amma eyni zamanda bu yaxınlığın siyasi tabelik kimi yozulmasına qarşı çıxır.
"Bir millət, iki dövlət" formulu yaxınlığın ifadəsidir. Əliyevin son mesajlarının məğzi isə belə oxuna bilər: bir millət ola bilərik, amma iki ayrı dövlətik və qərarlarımızı özümüz veririk. Elə hökumətə yaxın medianın da artıq tez-tez səsləndirdiyi mesaj budur.
Əliyevin yeni siyasi portreti

Şəklin mənbəyi, Getty Images
Hazırkı çəkişmədə Əliyevin üçqat siyasi obrazı qurulur.
Birincisi, o, Azərbaycanın dünyəvi dövlət modelinin müdafiəçisi kimi təqdim edilir.
İkincisi, Türkiyədən gələn tənqidlər qarşısında geri çəkilməyən suveren lider obrazı önə çıxır.
Üçüncüsü, bəzi siyasi şərhlərdə onun Atatürkün dünyəvi dövlətçilik xəttinə bağlanmasına cəhd göstərilir.
Bu üç xətt birlikdə daha iddialı bir siyasi portret yaradır: Türkiyəyə yaxın, amma Türkiyənin nüfuz dairəsində olmayan; müsəlman cəmiyyətinə rəhbərlik edən, amma dünyəvi dövlət prinsipindən geri çəkilməyən; Erdoğanla tərəfdaş olan, amma siyasi obrazını Atatürk üzərindən də qura bilən Əliyev.
Lakin bu portretin nə qədər davamlı olacağı hələ aydın deyil.
Bu yazının hazırlanmasında BBC Azərbaycanca jurnalisti Aygül Mehman da iştirak edib.




























