İran Yaxın Şərqdə ABŞ bazalarına əks zərbələr etdiyini bildirir

Şəklin mənbəyi, İran Qırmızı Aypara Cəmiyyəti
ABŞ qüvvələrinin hücumundan sonra İran Yaxın Şərqdə əks-zərbələrə başladığını bildirib.
İran Qırmızı Aypara Cəmiyyəti bildirib ki, ABŞ-ın raket zərbəsi qəlpələri İranın cənubunda, Sirikdə toy mərasiminin keçirildiyi evə düşüb. Nəticədə biri uşaq olmaqla dörd nəfər ölüb, 50-dən çox insan yaralanıb, məlumatda bildirilir.
İran hökuməti mülki hava limanına və balıq unu zavoduna hücum olduğunu açıqlayıb.
ABŞ "mülki şəxslərə" hücum etdiyini təkzib edib və Hörmüz boğazında Amerika qüvvələrinə və kommersiya gəmilərinə qarşı "son hücum cəhdlərinə" cavab olaraq İran hədəflərinə zərbələr endirdiyini bildirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 1 sentyabrda İrana qarşı hücumlarını bərpa edib, ölkənin cənub və mərkəzində 40-dan çox məkanın hava hücumlarına məruz qaldığı açıqlanıb.
İran hücumlara cavab olaraq İordaniya, Bəhreyn və Küveytdəki ABŞ bazalarını vurub. Küveyt və İordaniya İrana cavab verdiklərini bildiriblər.
Bundan başqa, Hörmüz boğazında minaya düşən iki neft tankeri partlayıb, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) bildirib və hadisəyə görə, ABŞ-ı ittiham edib.
Qurum bildirib ki, İİKK minalanmış keçiddən keçməyin təhlükələri barədə xəbərdarlıq edib.
İnqilab Keşikçiləri ölkənin qərbinə edilən ABŞ hücumunda 4 əməkdaşının öldürüldüyünü açıqlayıb.

Şəklin mənbəyi, İRNA
ABŞ və İsrailin İrana qarşı hücumlarının başlamasından altı ay keçib. O vaxt Tramp bu münaqişənin "dörd-beş" həftə davam edəcəyini gözlədiyi demişdi, amma o, artıq təxminən 27 həftədir ki, davam edir.
Bu yaxınlarda Tramp müharibənin "lazım olduğu qədər davam edəcəyini" və Tehranla sülh danışıqlarının bərpası üçün heç bir cədvəlin olmadığını bildirib.
ABŞ Prezidenti Donald Tramp özünün Truth Social hesabında İranı danışıqlar masasına qayıtmağa məcbur etmədiklərini yazıb.
"Onların özləri üçün dəyərsiz olan razılaşmanı imzalaması mənim üçün heç önəmli deyil", o bildirib.
İki ölkə arasında aprel atəşkəsinin uzadılması ilə bağlı Anlaşma Memorandumu kimi tanınan ABŞ-İran razılaşması iyun ayında imzalanmışdı. Lakin həmin razılaşmanın vaxtı artıq başa çatıb.






















